Futbolçular arasında beynəlxalq turnirə start verilib

Koreya Respublikasının Kyoncu şəhərində 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib. Qəbələ ilə qardaşlaşmış şəhərdə təşkil olunan yarışa “Qəbələ” Futbol Akademiyasının U-13 komandası da qatılıb.Azərtac xəbər verir ki, Qəbələ Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovun rəhbərlik etdiyi nümayəndə heyəti Kyoncu meriyasının qonağı olub. Şəhərin meri “qırmızı-qaralar”ı qəbul edib, onlara xüsusi diqqət göstərib. O, həmçinin “Qəbələ”nin oyununu da izləyib. Qardaşlaşmış şəhərlərin nümayəndələri arasında rəsmi görüş də baş tutub. Kyoncu şəhər rəhbərliyi komandamızın üzvləri üçün ziyafət təşkil edib.“E” qrupunda çıxış edən “qırmızı-qaralar” turnirdə 4 matç keçiriblər. Komandamız ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib – 4:1. U-13-ün heyətində Ömər Qurbanov 2, Sadiq Şəfiyev və Murad Musayev hərəyə 1 dəfə fərqləniblər. Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə uduzub. Ardınca futbolçularımız Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib – 3:2. Bu matçda komandamızın qollarını Elmir Hüseynli, Okan Təhməzli və Murad Musayev vurublar.Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox – 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni 6 xal toplasa da, yaponiyalılar daha yaxşı top fərqinə malik 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını avqustun 30-da keçirəcəklər. Komandamız Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gələcək.xeber100.com

Avqust 30, 2017 4:37

Cüdo üzrə dünya çempionatı start götürür

Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürür.Azərtac xəbər verir ki, sentyabrın 3-də yekun vurulacaq çempionatda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Macarıstanda səfərdədir.Çempionatın püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdoçular iştirak ediblər.Püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub. Çempionatda 60 kiloqram çəki dərəcəsində yarışacaq Orxan Səfərov Tapiva Pavari (Zimbabve) - Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi, Nicat Şıxəlizadə (66 kq) isə qazaxıstanlı Eldos Jumaxanov ilə üz-üzə gələcəklər. Rüstəm Orucov (73 kq) Aqil Qjakov (Kosovo) - Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibini sınağa çəkəcək. Hidayət Heydərov (73 kq) Mərakeş təmsilçisi Əhməd Əl Mezaati, Məmmədəli Mehdiyev (90 kq) rumıniyalı Kristian Bodirlau, Tural Səfquliyev (90 kq) perulu Xose Aroyo ilə döyüşəcək. Dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Elxan Məmmədov Luis Medina (Dominikan) - Kayl Reyes (Kanada) görüşünün, Elmar Qasımov isə Otqonbatar Lxaqvasuren (Monqolustan) - Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibləri ilə yarışacaqlar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə Uşanqi Kokauri braziliyalı Rafael Silva ilə qarşılaşacaq.Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva (48 kq) yaponiyalı Funa Tonaki, Erdenabat Bazarraqça (48 kq) rumıniyalı Aleksandra Pop ilə üz-üzə gələcəklər. Çempionatda 52 kiloqram çəki dərəcəsində Nəzakət Əzizova Mərakeş təmsilçisi İkram Soukate, Purevsuren Buyankışinq rusiyalı Natalya Kuzyutina ilə görüşəcəklər. Həmçinin 57 kiloqram çəki dərəcəsində Munktsedev İçinkolo Joan Ekusoan (İspaniya), Səkinə Zairova slovakiyalı Viktoriya Mayorosovanı sınağa çəkəcəklər. Gülsədəf Kərimova (63 kq) Anrikelis Barrios (Venesuela), İrina Kindzerska (78 kq-dan yuxarı) toqolu Essoxanam Koros ilə qarşılaşacaqlar.xeber100.com

Avqust 28, 2017 10:40