“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti təlimə başlayıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 16-da Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimə başlayıb.Azərtac xəbər verir ki, təlimin keçirilməsində məqsəd könüllülərin məkanla tanışlığını təmin etməkdir. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında, eyni zamanda təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqqında könüllülərə məlumat verilib.Təlimin ilk günündə iki, iyunun 17-də isə dörd zonanın könüllüləri daxil olmaqla, ümumilikdə 3 min nəfər iştirak edəcək.BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova təlimin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində sonuncu mərhələdir. Tribunalar və müxtəlif yarış obyektləri haqqında könüllülərin öncədən məlumatlandırılması onların Qran-Pri zamanı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq. Məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə fəaliyyətlərinə start verəcəklər”.Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda təşkil olunacaq.xeber100.com

İyun 16, 2017 10:12

“Tour d’Azerbaïdjan-2017” veloturu ilə bağlı statistik məlumatlar açıqlanıb

Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2017” veloturu ilə bağlı statistik məlumatları açıqlayıb.Azərtac xəbər verir ki, açıqlanan hesabata əsasən, turun icmallarını fəal şəkildə izləyən tamaşaçıların sayı 16 milyona yaxın olub. Ümumilikdə isə “Eurosport” kanalına baxan 34,2 milyon tamaşaçı “Tour d’Azerbaïdjan-2017” ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqda məlumat alıb. Diqqət çəkən əsas məqam veloturun 4-cü mərhələsinə digər yarış günləri ilə müqayisədə marağın daha çox olmasıdır. Əvvəlcədən də gözlənildiyi kimi, Ağsu dolaylarının marşruta əlavə edilməsi həm yarışın gedişinə, həm də izləmə sayına müsbət təsir göstərib."Eurosport" kanalının rəsmi internet səhifəsində yarışla bağlı məlumatları izləyənlərin sayı 1 milyonu keçib. Xüsusən, “Tour d’Azerbaïdjan-2017”ni izləmək üçün 5 səbəb” adlı yazıya fransız və ispan dilli oxucular tərəfindən böyük maraq göstərilib.Yeri gəlmişkən, iyunun 15-də Bakı vaxtı ilə saat 18:30-da “Eurosport-1” kanalında yarışla bağlı daha bir süjet efirə veriləcək və bu tamaşaçı sayının bir qədər də artacağı anlamına gəlir.“Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturunu ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb ki, onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektiv olub. Beş gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə ümumilikdə 836 kilometr məsafə qət ediblər.xeber100.com  

İyun 14, 2017 9:40