Akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.Azərtac xəbər verir ki, yayın ilk günlərində - iyunun 9-10-da kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək.İki gün davam edəcək yarışda 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayacaq.Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.Yarışa biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək olar. Biletlərin qiyməti 3 manatdır.xeber100.com

İyun 7, 2017 11:12

“Caspian Cup” turnirinə start verilib

Rusiyanın Kaspiysk şəhərində futbol üzrə “Caspian Cup” turnirinə start verilib.Azərtac xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk turda Rusiya təmsilçisi “Rostov”la qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.Turnir iyunun 11-dək davam edəcək. Kaspiysk şəhərindəki “Anji Arena” stadionunun meydançalarında 8 komanda mübarizə aparır. “Qəbələ” “A” qrupunda Rusiya təmsilçiləri “Krasnodar”, “Ramzan” və “Rostov”la qüvvəsini sınayır. “Qırmızı-qaralar” iyunun 7-də “Ramzan”la, bir gün sonra isə “Krasnodar”la qarşılaşacaq.“B” qrupunda isə “Neftçi” (Azərbaycan), “Dinamo” (Tbilisi, Gürcüstan), “Anji” və “Yunost” (hər ikisi Rusiya) çıxış edir. Birgünlük istirahətdən sonra hər qrupun iki ən yaxşı komandası yarımfinal, digərləri 5-8-ci yerlər uğrunda matçlarda üz-üzə gələcəklər. İyunun 11-də isə final, həmçinin 3-cü, 5-ci, 7-ci yerlər uğrunda matçlar keçiriləcək.Rakif Əliyevin baş məşqçisi olduğu “Qəbələ”nin U-14 komandası turnirə 18 futbolçu ilə yollanıb. Heyətdə Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Xəyal Səmədov, Ülvü Mədətov, Kamal Kazımov, Nihad Cəfərov, Mehrac Baxşəliyev, Sərxan Mirzəzadə, Ümüd Həmzəyev, Cavid Rəhimov, Orxan Səlimov, Asif Məmmədov, Kənan Qaragözov, Rəşad Əmrahov, Taleh Qarayev və Anar Tağıyev yer alıblar.xeber100.com

İyun 7, 2017 10:47

Beynəlxalq Rus Dili Günü qeyd olunub

İyunun 6-da Bakı Slavyan Universitetində Beynəlxalq Rus Dili Günü qeyd olunub. Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrinin şagirdləri arasında Rus Dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və “A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinin nəticələrinə yekun vurulub.Azərtac xəbər verir ki, universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb. O, uzun illər Azərbaycan xalqının rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə tanış olmasını, eyni zamanda, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin rus dili vasitəsilə dünyaya çıxdığını vurğulayıb. N.Əliyeva BSU-da hazırda Rusiya ilə bağlı iki mədəniyyət və təhsil ocağının – Sankt-Peterburq və Moskva mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı mərkəzlərin fəaliyyət göstərdiyini vurğulayıb.Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qarışılıqlı etimad olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanda rus dilinə məhəbbətin tarixi köklərindən danışıb, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırladıb.Sonra Olimpiada qaliblərinə mükafatlar təqdim olunub.xeber100.com

İyun 6, 2017 12:16