“Tour du Maroc” yarışına yekun vurulub

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 10 günlük “Tour du Maroc” yarışına yekun vurulub. Velotur ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb.Azərtac xəbər verir ki, sonuncu - 10-cu mərhələdə iştirakçılar Rabatdan Kasablankaya qədər olan 120 kilometr məsafəni qət ediblər. Velosipedçilərimizin hamısı – Elçin Əsədov, Samir Cəbrayılov, Kiril Pozdnyakov və Yosip Rumaç məsafəni 2 saat, 30 dəqiqə, 31 saniyəyə başa vuran pelotunun içərisində olublar və bununla da yekun sıralanma mövqeyində demək olar ki, heç bir dəyişiklik baş verməyib. Yarışın 1-ci və 4-cü mərhələlərində qalib olan elit yığma komandamızın üzvü Kiril Pozdnyakov ümumi təsnifatda 3-cü yeri tutmaqla fəxri kürsüyə qalxıb. İlk 20-likdə “Synergy Baku”nun daha 2 üzvü yer alıb – bunlar müvafiq olaraq 11 və 13-cü yerdə qərarlaşan Yosip Rumaç və 7-ci mərhələnin qalibi olmuş elit yığmamızın digər üzvü Elçin Əsədovdur. Samir Cəbrayılov sıralanmada 25-ci olub.Mərakeş turunu “Synergy Baku” üçün əlamətdar edən ən önəmli məqamlardan biri də Yosip Rumaçın yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “dağlar kralı” köynəyinə yiyələnməsidir. Dördüncü mərhələdən etibarən liderliyə yüksələn velosipedçimiz bu üstünlüyünü sonadək qorumağı bacarıb və cari mövsümdə komandasına ilk köynəyi qazandırıb.xeber100.com

Aprel 17, 2017 12:02

Futbol üzrə XXVI tura yekun vurulub

Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona iki tur qalmış 2016-2017-ci il mövsümündə çempionluğunu elan edib.Azərtac xəbər verir ki, “Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib.Paytaxtdakı “İnter Arena”da keçirilən oyunun birinci hissəsinin 4-cü dəqiqəsində “Qarabağ”ın heyətində Mahir Mədətov “İnter”in qapısından ilk topu keçirərək hesabı açıb - 1:0. İlk hissədə “Qarabağ futbolçuları daha bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməyiblər.İkinci hissəyə sürətli hücumlarla başlayan Ağdam klubu matçın 54-cü dəqiqəsində ikinci qolu meydan sahiblərinin qapısından keçiriblər. Oyunda Cənubi afrikalı hücumçu Dino Ndlovu fərqlənib - 2:0. Dino Ndlovu görüşün 78-ci dəqiqəsində dubl etməklə hesabı 3:0-a çatdırıb. Bununla da lider ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal geridə qoyub.Beləliklə, oyunda üç xala sahib olan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində sona iki tur qalmış ardıcıl dördüncü dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazanıblar.Xatırladaq ki, günün ilk görüşündə “Qəbələ” klubu çempionluq mübarizəsində “Kəpəz”ə Gəncədə 2:0 hesabı ilə məğlub olaraq səfərdə xal itirib. Bununla da “Qəbələ” çempionluq şanslarını faktiki itirib.İyirmi altı oyundan sonra xalların sayını 56-ya çatdıran “Qarabağ” komandası turnir cədvəlində birinci sırada yer alıb. “Qəbələ” 49 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Digər yerləri isə müvafiq olaraq, “Zirə” (33), “Sumqayıt” (32), Kəpəz (30), “Neftçi”(29) komandaları tuturlar. Aktivində 10 xal olan “AZAL” isə sonuncu pillədədir.xeber100.com

Aprel 17, 2017 11:44