Velosiped İdmanı Federasiyasının məlumatı

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Mərakeşdə təşkil olunan ongünlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Təmsilçilərimiz Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun yeddinci mərhələsini də uğurla başa vurublar.Azərbaycan Velosiped İdmanı Federasiyasından Azərtac-a bildiriblər ki, 184,5 kilometrlik marşrutun əvvəlindən ön sırada qərarlaşan elit yığma komandamızın üzvü Elçin Əsədovun təqib qrupu ilə vaxt fərqi hətta müəyyən zaman kəsiyində yeddi dəqiqədən də çox olub. Bu üstünlüyünü sonadək qoruyan velosipedçimiz Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələnin qalibi adını qazanıb. “Synergy Baku”nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla yeddinci mərhələni üçüncü yerdə bitirib. Y.Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan “Dağlar Kralı” köynəyini də özündə saxlayır.Bu gün keçiriləcək səkkizinci mərhələdə iştirakçılar 148,5 kilometr məsafə qət edəcəklər.Xatırladaq ki, Mərakeş turunun birinci və dördüncü mərhələləri Azərbaycanın elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb və hazırda idmançımız ümumi təsnifatda üçüncü yerdə qərarlaşıb.xeber100.com

Aprel 14, 2017 1:33

“Real Madrid” “Bavariya”nı məğlub edib

Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında olub. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurub. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.İspaniya təmsilçisi ikinci hissəyə qolla başlayıb. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurub. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə salıb. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxıb. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərib. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.Turun digər qarşılaşmasında Madridin “Atletiko” klubu doğma meydanda son illərin sürpriz komandası olan “Lester Siti”ni 1:0 hesabı ilə məğlub edib. Oyunun 28-ci dəqiqəsində “Atletiko” klubunun hücumçusu Antuan Qrizman rəqibin qapısına təyin olunan penaltini qola çevirib.Günün ilk qarşılaşmasında isə Almaniyanın digər təmsilçisi “Borussiya” öz meydanında Fransanın “Monako” klubuna 2:3 hesabi ilə məğlub olub.Xatırladaq ki, aprelin 11-də keçirilən dörddəbir final mərhələsinin ilk oyununda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.xeber100.com

Aprel 13, 2017 12:36