Futbol turniri keçirilir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, turnirin açılışında əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçıları salamlayan liseyin rəisi, polkovnik Rüfət Əmirov onlara uğurlar arzulayıb. Liseyin zabiti, polkovnik-leytenant Kamran Nəsibov qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsinin daim hörmətlə anıldığını vurğulayan K.Nəsibov bildirib ki, liseyin məzunu, Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr edilən futbol turniri artıq bir neçə ildir ənənəvi olaraq keçirilir. Qeyd olunub ki, erməni işğalçıları torpaqlarımıza hücum edəndə digər vətənpərvər zabitlərimiz kimi Ə.Hüseynov da ağır döyüşlərin getdiyi Qubadlı, Laçın bölgəsinə yollanıb. Şərəfli ömür və döyüş yolu keçən mayor Ə.Hüseynov 1992-ci il noyabrın 1-də üzərinə düşən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 15 fevral tarixli Fərmanı ilə Ə.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Sonra “Neftçi” komandasının əfsanəvi futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək belə tədbirlərin keçirilməsinin gələcəyin zabitləri üçün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bildirib. Bildirib ki, Müdafiə Nazirliyi tərəfindən şəhidlərin xatirəsinə həsr olunan tədbirlər müntəzəm qaydada keçirilir. Bu, şəhidlərin xatirəsinə ən böyük hörmət və ehtiramdır. Gələcəyin zabitləri görürlər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur. “Neftçi” futbol komandasının veteranı, Futbol Veteranları Şurasının sədri Oqtay Abdullayev, beynəlxalq dərəcəli hakim, Regional Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasiyev və başqaları çıxışlarında turnir iştirakçılarına uğurlar arzulayıblar. Turnir oktyabrın 20-dək davam edəcək.xeber100.com

Oktyabr 5, 2016 11:25

Millimizin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək növbəti iki oyun üçün heyətə 23 futbolçu daxil edib. Xorvatiyalı mütəxəssis oktyabrın 8-də Bakıda Norveç, 3 gün sonra isə Ostrava şəhərində Çexiya ilə qarşılaşacaq millidə “Qarabağ”ın futbolçularına daha çox – 7 yer verib.  Yığmada “İnter” 5, “Neftçi” və “Qəbələ” hərəyə 2, “Zirə” isə 1 oyunçu ilə təmsil olunacaq. Premyer Liqa klublarından üçü – “Sumqayıt”, “Kəpəz” və AZAL isə milliyə futbolçu verməyib. Komandamızın heyətində ölkə xaricində çıxış edən 6 futbolçu var. Onlardan ikisi Portuqaliya klubunu təmsil edirsə, Almaniya, İspaniya, Türkiyə və Ukraynadan 1 oyunçu cəlb edilib. Prosineçkinin siyahısında yeni ad olmasa da, Rauf Əliyevin yığmaya qayıdışı diqqət çəkir. Son seçmə matçında heyətə cəlb olunanlardan Elvin Məmmədov, Əfran İsmayılov və Mahir Mədətov bu dəfə siyahıdan kənarda qalıb. Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”); Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”); Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya); Hücumçular: Ağabala Ramazanov, Rauf Əliyev (hər ikisi “İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə).

Oktyabr 4, 2016 10:57