“Yarışa 1 ay qaldı” adlı tədbir keçirilib

Mayın 21-də Dənizkənarı Milli Parkda yerləşən “Formula-1” Əyləncə Zonasında Avropa Qran-prisinə həsr olunmuş “Yarışa 1 ay qaldı” adlı tədbir təşkil olunub. Azərtac xəbər verir ki, əvvəlcə “Red Bull Racing Can” yarışı keçirilib. Yarış paytaxt sakinlərinin hərarətli alqışları ilə müşayiət olunub. Sakinlər əyləncə zonasında quraşdırılmış simulyator oyunlarında gücünü sınayır, əyləncəli proqramlarda iştirak ediblər. Tədbirdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, “Formula-1” Avropa Qran-pri yarışlarına artıq bir aydan da az vaxt qalıb. “Formula-1” yarışları zamanı paytaxt sakinləri və turistlər üçün bir çox əyləncəli proqram nəzərdə tutulub. Həmin ərəfədə ölkəmizdə “GP-2” seriyası üzrə yarışlar da təşkil olunacaq. Dənizkənarı Milli Parkda yerləşəcək “F-1 Şəhərciyi”ndə uçuş turbini, motosiklet şousu, həmçinin üç böyük səhnədə konsertlər nəzərdə tutulub. O, bütün bunların paytaxt sakinlərində və şəhərimizin qonaqlarında bilet alan şəxslərin gözəl əhval-ruhiyyə yaradacağına əminliyini bildirib. Sonra Avropa Qran-prisinin ulduz elçisi, Əməkdar Artist Tünzalə Ağayeva yarışa həsr olunmuş “Sürət” mahnısını ilk dəfə “Formula-1” azarkeşləri və paytaxt sakinləri üçün ifa edib. Tədbir iştirakçıları həzin musiqinin sədaları altında xoş anlar yaşayıblar. Mötəbər yarışa bir ay qalması münasibətilə təşkil olunan tədbirdə bu mahnını təqdim etdiyi üçün məmnunluğunu bildirən Tünzalə Ağayev deyib: “Mən bu mahnını “Səs Azərbaycan” layihəsinin iştirakçıları ilə birgə ifa etdim. İnanıram ki, mahnı çox uğurlu alınıb. Musiqinin sözləri İsmayıl Dadaşova, musiqisi isə mənə aiddir. “Sürət” mahnısı bizi daha da sürətləndirəcək, həyatda daha fəal və enerjili olmağa çağıracaq. Ötən il ölkəmizdə təşkil olunan “Bakı-2015” ilk Avropa Oyunlarının da ulduz elçisi kimi təşəbbüslə çıxış edərək “Bakımın üzü gülür” mahnısını təqdim etmişdim. Hətta bu mahnını Kelli Coysla da birgə ifa etdik”. Yarışın digər elçiləri “Formula-1” üzrə şərhçi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, Əməkdar artist Murad Dadaşov Qran-prinin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, yarış paytaxtımızın gözəlliyini, qədim tarixini və müasir görkəmini bütün dünyaya çatdırmağa imkan verəcək. Elçilər Bakı Şəhər Halqasının digərlərindən fərqləndiyini və sürətli yarış treki olacağını diqqətə çatdırıblar. Vurğulanıb ki, yarışı 190 ölkədə 500 milyondan artıq azarkeş izləyəcək. Sonra Avropa Qran-prisinin elçiləri yarışın azarkeşləri ilə görüşüb və iştirakçılara avtoqraf veriblər. Paytaxtımızın sakinləri “Formula-1” əyləncə zonasından xoş təəssüratlarla ayrılıblar.

May 21, 2016 8:45

Beynəlxalq Şahmat Festivalında səkkizinci turun oyunları keçirilib

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalında səkkizinci turun oyunları keçirilib. Azərtac xəbər verir ki, festivalın “A” qrupunun liderlərindən olan ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubov hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakovla qarşılaşıb. Görüş hər iki rəqibin istədiyi kimi başa çatıb və şahmatçılar xalları yarı bölüblər. Bu turda digər heç-heçələr azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyevlə ukraynalı beynəlxalq usta Sergey Pavlov, gürcüstanlı şahmatçı İrakli Beradze ilə azərbaycanlı beynəlxalq qrossmeyster Nicat Abasov arasında da qeydə alınıb. Turnirin iki liderindən biri - azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli isə bu turda rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevi məğlub edib. Festivalın 1 nömrəli şahmatçısı, azərbaycanlı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu turu da qələbə ilə başa vurub. O, azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovu məğlubiyyətə uğradıb. Rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakin isə iranlı beynəlxalq usta Omid Norooziyə qalib gəlib. Naxçıvanlı zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov üçün 8-ci tur uğurlu alınıb. 16 yaşlı şahmatçımız azərbaycanlı beynəlxalq usta Nərmin Məmmədovanı məğlub edərək xallarının sayını 3,5-ə yüksəldib. Digər FİDE ustası Toğrul Həsənzadə isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə heç-heçə oynayıb. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev bu turda türkiyəli FİDE ustası Cankut Emiroğlu ilə xalı yarı bölüb. Şahmat festivalının “B” qrupunda uğurla mübarizə aparan naxçıvanlı zəka sahibi Vüsal Abbasov bu turu da qələbə ilə başa vurub. O, iranlı Kian Maşmoolini məğlub edərək liderliyini qoruyub. Hazırda aktivində 7 xalı olan şahmatçımız qrupun şəriksiz lideridir. “C” qrupunda isə 3 zəka sahibi liderlik edir ki, onlardan da biri naxçıvanlı şahmatçı Sadiq Qarayevdir. 8-ci turda Fərid Orucovla xalları yarı bölən şahmatçımız aktivinə daha yarım xal yazdırıb. Onun kimi 7 xal toplayan digər iki şahmatçı Kənan Qasımov və İsmayıl Qurbanov bu turu qələbə ilə başa vurublar.xeber100.com

May 18, 2016 2:31

“Rio-2016”ya hazırlıq davam edir

Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər. Azərtac xəbər verir ki, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə yığma komandalar məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirirlər. Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq keçəcəklər. Təlim-məşq toplanışına həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də qatılıblar. Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və ayın 30-dək davam edəcək. Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edirlər. Kuba yığmasının heyətində ikiqat Olimpiya, beşqat dünya və səkkizqat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), dünya və üçqat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıblar. Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirirlər. Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 13 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək baş tutacaq.xeber100.com

May 17, 2016 3:18