V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Avqustun 9-18-də keçirilən mötəbər yarışda 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, paraoxatma, paraatletika, paraüzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında bacarıqlarını nümayiş etdiriblər.Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.Mötəbər yarışda “Neftçi” idman klubunun 30 yetirməsi mübarizə aparıb. Azərbaycan komandasının əldə etdiyi medallardan 23-ü “Neftçi”nin atletlərinə məxsusdur. Bu medallardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala layiq görülüblər.xeber100.com

Avqust 24, 2022 10:36