Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə birgə hazırlaşırlar

Yeniyetmə boksçulardan ibarət İsrail millisi Azərbaycanda səfərdədir. Qonaqlar Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığma komandamızla birgə məşq edirlər.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindənbildiriblər ki, doqquz idmançıdan ibarət heyətlə ölkəmizə gələn israillilər təlim-məşq toplanışı çərçivəsində millimizin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar 10 gün birgə hazırlıq keçəcəklər.İsrail yığmasının böyük məşqçisi Valeri İlyayev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Azərbaycanda doğulan təcrübəli mütəxəssisin sözlərinə görə, Bakıya səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq: “Azərbaycan yığması dünyanın ən yaxşılarındandır. Biz burada hər şeydən razıyıq və hazırlıq keçmək üçün şərait ən yüksək səviyyədədir. Komandamızı Azərbaycana dəvət etdiyi üçün federasiyaya dərin təşəkkürümü bildirirəm. Həmçinin millinizin məşqçilər korpusu bizimlə birgə təcrübəsini bölüşdüyü üçün onlara da minnətdaram. Bu hazırlıq Avropa birinciliyində uğurlu çıxışa hesablanıb. İnanıram ki, iki ölkənin birgə təlim-məşq toplanışı qarşıdakı yarışda hər bir boksçu üçün çox faydalı olacaq”.Azərbaycan yığmasının baş məşqçisi Vaqif Kazımov da birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O qeyd edib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.Qeyd edək ki, Avropa birinciliyi sentyabrın 25-dən oktyabrın 5-dək Montesilvano şəhərində keçiriləcək.xeber100.com

Avqust 27, 2022 10:20

V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Avqustun 9-18-də keçirilən mötəbər yarışda 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, paraoxatma, paraatletika, paraüzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında bacarıqlarını nümayiş etdiriblər.Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.Mötəbər yarışda “Neftçi” idman klubunun 30 yetirməsi mübarizə aparıb. Azərbaycan komandasının əldə etdiyi medallardan 23-ü “Neftçi”nin atletlərinə məxsusdur. Bu medallardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli, Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala layiq görülüblər.xeber100.com

Avqust 24, 2022 10:36