“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Dəmir yolunun Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” (İDYM) MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.Qeyd edək ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. İndi sayca 117-ci yeni yoldəyişən Qaradağ stansiyasında quraşdırılır. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.5 saylı “İDYM” MMC-nin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib ki, əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri taxta şpaldan yığılıb və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli olmayıb. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.xeber100.com

Fevral 6, 2018 1:00

Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.Apa-nın Tehran bürosunun məlumatına görə, bunu İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: "Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb”.A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb: “Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.xeber100.com

Fevral 4, 2018 8:55