“İtaliya Dizayn Günü” keçiriləcək

Bakıda “İtaliya Dizayn Günü” keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Bakıda keçiriləcək “İtaliya Dizayn Günü”nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.O bildirib ki, İtaliya dizayn mədəniyyətinin yaradılması orta əsrlər intibah dövrünün emalatxanalarından başlayaraq yüksək estetik məzmunlu yenilikçi məhsullar yaratmaq üçün müxtəlif bacarıqları özündə birləşdirib. Sənaye dizaynı sahəsində aparılan araşdırmalar İtaliya iqtisadi inkişafının məhsulunun xarakterik elementinə çevrilib. Bu tip dizayn İtaliya mədəniyyətinin ruhuna aiddir və bu dünyada “Made in Italy” brendi kimi tanınır.Tədbirin martın 1-də keçiriləcəyini deyən səfir qeyd edib ki, İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan “İtaliya Dizayn Günü” Bakı ilə yanaşı dünyanın 100 ölkəsində qeyd olunacaq. Keçirilən tədbirin mövzusu “Dizayn və davamlılıq arasındakı əlaqə”dir.Səfirin sözlərinə görə, bu mövzu Bakıda Ekspo 2025-i keçirmək üçün namizədliyini irəli sürmüş Azərbaycan tərəfindən seçilmiş mövzu ilə uzlaşır. İtaliya memarlığı və dizaynı üzərində fokuslanan tədbir Bakı Media Mərkəzi və Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Tədbirlərdə dövlət və hökumət qurumlarının nümayəndələri, İtaliya və Azərbaycan memarları və dizaynerləri, Memarlıq və İnşaat Universitetinin tələbə və professor heyəti, yerli və xarici memar və dizaynerlər, İtaliya və Azərbaycan brendlərinin nümayəndələri, tikinti şirkətlərinin təmsilçiləri iştirak edəcək.xeber100.com

Fevral 16, 2018 4:04

“Hodroenergetika: Mərkəzi Asiya – 2018” adlı konfrans başa çatıb

Tbilisidə keçirilən “Hodroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya – 2018” adlı beynəlxalq konfrans başa çatıb.Azərtac xəbər verir ki, konfransın sonuncu günü Azərbaycanda əhalinin fasiləsiz və səmərəli elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.Azərbaycan nümayəndə heyətinin üzvü, “Azərenerji” ASC yanında "Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev bildirib ki, son illər ölkəmizdə bu sahədə çox mühüm layihələr həyata keçirilib, su elektrik stansiyaları tikilib və daha bir neçə layihə üzərində işlər davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikası üzrə “Azərenerji” tərəfindən yerinə yetirilmiş işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir.Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı Dövlət Proqramının çərçivəsində respublikamızın iqtisadi rayonları üzrə 6 kiçik Su Elektrik Stansiyasının (SES) tikintisi başa çatıb. Daha 3 silsilə SES-in tikintisi isə davam edir. Eyni zamanda, respublika ərazisindəki bir neçə çay üzərində kiçik SES-lərin tikintisi üzrə təhqiqat işləri aparılır.Azərbaycanın enerji potensialı qonşu ölkələrlə enerji mübadiləsi və əməkdaşlığına da geniş imkanlar yaradır.Konfransda iştirak edən İran, Gürcüstan, Türkiyə və Rusiyadan olan energetiklər Azərbaycanın enerji potensialını yüksək qiymətləndiriblər.Tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunub.xeber100.com

Fevral 16, 2018 4:01

Bakı Nəqliyyat Agentliyinin məlumatı əsasında…

52 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar "BakıKart" sisteminə keçib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Bildirilib ki, müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsilə həyata keçiriləcək. Belə ki, fevralın 17-dən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsilə həyata keçirilir.xeber100.com

Fevral 14, 2018 2:43