Əmanətlərin Sığortalanması Fondu əmanətçilərinə müraciət edib

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş dörd bankın qorunan əmanətçilərinə müraciət edib.Fonddan Azərtac-a bildiriblər ki, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün avqustun 1-i hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən bu gün ərzində kompensasiyaların geri alınması üçün fonda müraciət etmələri xahiş olunur."Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.Fondun "Kompensasiyaların ödənilməsi proseduruna dair" Qaydalarının 11-ci maddəsinə uyğun olaraq Qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq olunmalıdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.xeber100.com

Avqust 1, 2017 12:01