Əmanətlərin Sığortalanması Fondu əmanətçilərinə müraciət edib

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş dörd bankın qorunan əmanətçilərinə müraciət edib.Fonddan Azərtac-a bildiriblər ki, "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün avqustun 1-i hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən bu gün ərzində kompensasiyaların geri alınması üçün fonda müraciət etmələri xahiş olunur."Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.Fondun "Kompensasiyaların ödənilməsi proseduruna dair" Qaydalarının 11-ci maddəsinə uyğun olaraq Qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq olunmalıdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.xeber100.com

Avqust 1, 2017 12:01

İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə Seçki Komissiyası yaradılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə Seçki Komissiyası yaradılıb.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, komissiyada 4-ü komitə əməkdaşları, 5-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 9 üzv təmsil olunur.Təmsil olunan QHT-lər Demokratik Seçki Mərkəzi, “Turan İstedadlar” Birliyi, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyi və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyidir.Seçki Komissiyasının yaxın vaxtlarda keçiriləcək ilk iclasında komitə yanında İctimai Şuraya üzvlərin say həddi və şuraya seçkilərin təşkili məsələləri müəyyən ediləcək.Məlumatda, həmçinin qeyd olunub ki, İctimai Şura - “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsində iştirak edən məşvərətçi qurumdur.xeber100.com

İyul 31, 2017 11:39