NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində qurumun iqtisadiyyat və təhlükəsizlik komitəsinin iclası keçirilib.İclasda əsasən qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik, NATO PA-nın maliyyələşməsində bərabərlik prinsipləri və s. məsələlər müzakirə olunub.NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərtac-a müsahibəsində deyib ki, iclasda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvili məruzə ilə çıxış edib. O, ölkəsinin iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyi, investisiya mühiti və imkanları barədə məlumat verib. Gürcü ekspert ölkəsinə investisiya yatiran xarici ölkələr sırasında Azərbaycanın rolunu xüsusi qeyd edib. O deyib ki, Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanın təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə də sərmayə qoyur. 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci yerdə olub. İkinci yerdə dayanan Türkiyənin Gürcüstana yatırdığı sərmayələrin həcmi Azərbaycanın yatırdığı sərmayələrdən iki dəfə azdır.Qoqolaşvili Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars neft və qaz kəmərlərinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən daha bir layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda başa çatacaq. Bu layihə Asiya ilə Avropanı birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafımızda mühüm rol oynayacaq.xeber100.com