Bank sistemində aparılan islahatlar manata inamı artırır

Milli valyutamızın “üzən məzənnəyə” keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, iqtidar manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”. Ekspertlər isə musavat.com-a manatın yaxın gələcək üçün gözlənilən aqibətindən danışıblar. Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: “Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar”.  

Fevral 9, 2016 1:49

2016-cı ildə 30 min hektar sahədə pambıq əkilməsi planlaşdırılır

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib. Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə digər stimillaşdırma tədbirləri ilə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-nin emalçılar tərəfindən avans olaraq veriləcəyini vurğulanıb. Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq. Qeyd edək ki, 2016-cı ildə ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu 2 dəfə çox - 70 min ton xam pambıq tədarükünə, eləcə də fermerlərdən pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, pambıqçılıq sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfəyə yaxın artacaq.   Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunun  470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcəyini bildiriblər.

Fevral 7, 2016 9:44