Əməkdaşlığa dair Memorandum imzalanıb

Fevralın 27-də “Azərbaycan və Bolqarıstan Audit Forumu” çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkə Prezidentinin Auditorlar Palatasına audit sahəsində mütərəqqi xarici təcrübənin öyrənilməsini və respublikada tətbiqini tövsiyə etdiyini qeyd edib.Palata sədri vurğulayıb ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası 40–a yaxın ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Bu siyahıya bu gündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil olub.Vahid Novruzov bildirib ki, yeni tərəfdaşımız -Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.xeber100.com

Fevral 27, 2017 2:45

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 28-də keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyət, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən Azərtac-a bildirilib ki, hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Suraxanı, Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərraca çıxarılan 27 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin Özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətlər barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür. Bu tarixdə keçiriləcək hərraca 40 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.xeber100.com

Fevral 27, 2017 12:19