“Trans-Adriatik” qaz boru kəməri layihəsinə 14 milyon avro ayrılacaq

Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 14 milyon avro ayıracaq.Azərtac xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, Avropa Komissiyası Xəzər təbii qazının Avropanın enerji bazarlarına daxil olmasına icazə verəcək və bu vəsait TAP qaz boru kəmərinin keçdiyi ərazidə arxeoloji qazıntılar üçün sərf olunacaq.Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının üzv ölkələri Avropanın energetika infrastruktur layihələrinə 444 milyon avro investisiya qoymaq barədə razılıq əldə etmişdi. TAP maliyyələşdirilmə üçün seçilən 18 prioritet layihədən biridir.Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 34-35 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra, 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 37 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.xeber100.com  

Fevral 22, 2017 12:51

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin məlumatı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb.BTRİB-dən Azərtac-a bildirilib ki, “öncədən ödəmə” sistemi göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.Artıq martın 1-dən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən 101, 102, 103 və 112 qısa nömrələrə zəng imkanı istisna olmaqla, xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazılmaması üçün telefon şəbəkədən çıxarılacaq.Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, abunəçi ilə bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaq.Müqaviləyə xitam verildikdən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi əvvəlki nömrəsini əldə edə bilər. Beləliklə, BTRİB abunə haqqını ödəməyən abunəçiyə yarım il müddətində 2 aylıq abunə haqqını və istifadə etdiyi xidmətlərə görə ödəniş edərək telefondan yenidən istifadə imkanı yaradır.Qeyd edək ki, BTRİB 2016-cı ilin noyabr ayından internet və İPTV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edir.Telefon, internet və İPTV xidmətləri üzrə aylıq abunə haqlarını onlayn və ödəmə terminalları vasitəsilə ödəmək mümkündür.BTRİB dövlət və idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri stasionar, CDMA, İP telefon rabitəsi xidmətləri ilə təmin edir.xeber100.com

Fevral 21, 2017 1:40