“Bakı Metropoliteni”: Bayram tədbirləri martın 19-u və 20-si keçiriləcək

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, bu il də bahar təravətli Novruz bayramı ilə bağlı rəngarəng tədbirləri ilə sərnişinlərə xoş ovqat bəxş edəcək.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, bayram tədbirləri martın 19-u və 20-si keçiriləcək. İki gün ərzində “İçərişəhər” (10:30-12:30), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında konsert proqramları təşkil olunacaq.Qeyd edilən stansiyaların vestibüllərində peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, bayram ovqatına uyğun musiqi parçaları səsləndiriləcək.Azyaşlı sərnişinlər üçün kitabların müəllifi kimi də tanınan məşhur mədəniyyət siması Bəhram Bağırzadə “İçərişəhər” stansiyasında iki gün ərzində qələmə aldığı bayram ovqatı ilə səsləşən yeni nəşrlərini öz imzası ilə təqdim edəcək.Bu iki gün ərzində Novruz personajlarının iştirakı ilə teatrallaşdırılmış səhnələr də nümayiş olunacaq. Bayramın əsatir qəhrəmanları Keçəl və Kosa Bahar qızının müşayiəti ilə sərnişinlərə unudulmaz əyləncəli anlar bəxş edəcəklər. Bayram tədbirində sehrbaz və sirk ustaları, eləcə də nəhəng personajlar sərnişinlərə xoş dəqiqələr yaşadacaq. Balaca sərnişinlərə Novruz hədiyyələri də təqdim olunacaq.Bayram günlərinin davam etdiyi martın 19-22-də “İçərişəhər” stansiyasının birinci baş yolunda sərnişinlər muzey eksponatı kimi nümayiş etdiriləcək retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə biləcəklər.

Mart 17, 2022 2:24