Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb

Vergilər Nazirliyində ölkə başçısının  “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub. Kollegiyanın qərarı ilə vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.xeber100.com  

Noyabr 10, 2016 11:28

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dekabrın 6-da keçirilməsi nəzərdə tutulan yeni hərraca ümumilikdə 100 dövlət əmlakı çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı məlumatlar komitənin özəlləşdirmə portalında (privatization.az) və rəsmi internet səhifəsində yerləşdirilib. Komitədən Azərtac-a bildirilib ki, hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilməli və əmlakın satış qiymətinin 10 faizi məbləğində beh elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Hərraca çıxarılan 50 kiçik dövlət müəssisəsi və obyektlərindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı Bakıda yerləşir.xeber100.com

Noyabr 7, 2016 2:07