“Alternativ gələcəklə əlaqə” layihəsinə başlanılıb

Sentyabrın 30-da Bakı Ali Neft Məktəbində “Alternativ gələcəklə əlaqə” layihəsinə başlanılıb. SOCAR-dan Azərtac-a bildirilib ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə reallaşdırılır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən BANM-in prorektoru Ramiz Hümbətov son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, BANM-in Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Mərkəzinin fəaliyyətindən söz açaraq gələcəkdə bu ali məktəbdə “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının nəzərdə tutulduğunu deyib. Ramiz Hümbətov həmçinin BANM-də bərpaolunan enerji üzrə hər ay seminarların təşkil olunduğunu vurğulayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov “Alternativ gələcəklə əlaqə” layihəsinin Bakı Ali Neft Məktəbində həyata keçirilməsindən məmnunluğunu ifadə edərək, layihə iştirakçılarına uğurlar arzulayıb. Layihənin birinci günündə NASA-da işləyən azərbaycanlı alim Teymur Sadıqov “Robotlaşma”, norveçli təlimçi, “Provitaz” və “İnnovaz” məhdud məsuliyyətli müəssisələrin rəhbəri Knut Erlend “Xalq üçün sərfəli bərpa olunan enerji mənbələri” mövzusunda məruzələrlə çıxış edərək, iştirakçıları alternativ enerji mənbələri ilə bağlı məlumatlandırıblar. ''Alternativ gələcəklə əlaqə'' layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmaq, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc olunmasına kömək göstərməkdir.xeber100.com

Sentyabr 30, 2016 6:20

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən…

Sentyabrın 30-da Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətlərin nümayəndələri iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan nazir müavini İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, şuranın qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib, Azərbaycan şirkətlərini şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov şuranın əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb, iki ölkə arasında investisiya fəallığının artırılması, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından şura qarşısında duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.xeber100.com  

Sentyabr 30, 2016 6:11

Əmlak Məsələləri Dövlət Komitəsi yeni hərrac elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 25-də keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb. ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45 faizi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir. Oktyabrın 25-də keçiriləcək hərraca 36 dövlət əmlakı da çıxarılıb ki, bunun 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri var. Daşınmaz dövlət əmlakları ilə yanaşı, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılıb. Bu nəqliyyat vasitələrinə müxtəlif qurumların balansında olan lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillər daxildir. Qeyd edək ki, təşkil olunan bu açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada və ya Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10 faizi məbləğində behi banka ödəyə bilər.xeber100.com

Sentyabr 29, 2016 12:43

TV proqramlarının yerüstü analoq yayımı dayandırılacaq

Noyabrın 1-dən etibarən Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımı, dekabrın 1-dən isə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımın dayandırılacaq. Azərtac xəbər verir ki, bu barədə qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) noyabrın 27-də keçirdiyi növbəti iclasda qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilir. MTRŞ vətəndaşlara müraciət edərək bildirir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2016-cı il tarixli 27 sentyabr tarixli müvafiq qərarına uyğun olaraq, 2016-cı il noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə – 2016-cı il dekabrın 1-dən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.xeber100.com  

Sentyabr 28, 2016 12:15

“Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar öz işinə başlayıb

Sentyabrın 26-dan 30-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Statistika Bürosunun (“Avrostat”) təşkilatçılığı ilə “Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar və ekspertlər qrupunun iclası öz işinə başlayıb. Seminar və ekspertlər qrupunun iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və sosial statistika şöbəsinin müdiri Elçin Hacı iştirak edirlər. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, məqsəd Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən ekspert və mütəxəssislərlə əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə yeni tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar mövcud problemlərin müzakirə olunmasıdır. Ümumilikdə seminarda əhalinin siyahıyaalınmasına dair məlumatların toplanmasını dəstəkləmək üçün inzibati mənbələrin mövcudluğu və tətbiqinə baxış, əhali siyahıyaalınması üzrə texnoloji innovasiyalar, eləcə də əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə Avropa İqtisadi Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq. Ekspert qrupunun iclasında isə son əhali və mənzil fondu siyahıyaalınması zamanı ölkələrin əldə etdikləri təcrübələr və növbəti siyahıyaalma üzrə planlar ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.xeber100.com

Sentyabr 27, 2016 2:39