Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 11-də keçiriləcək yeni hərrac elan edilib. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb. Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalın nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir. Bundan əlavə, oktyabrın 11-də keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 nəqliyyat vasitəsi də yer alıb. Komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib əmlakın satış qiymətinin 10 faizi məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.xeber100.com  

Sentyabr 12, 2016 10:46

Xəzər qazının Mərkəzi Avropaya nəql edilməsi üçün…

Budapeştdə Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Avropa İttifaqı arasında qaz kəmərinin Rumıniya hissəsinin tikintisi barədə saziş imzalanıb. Azərtac xəbər verir ki, bu barədə “Euronews” agentliyinin “Mərkəzi və Cənubi Avropada beynəlxalq qaz kəməri real cizgilər kəsb edir” adlı materialında məlumat verilir. Məqsəd - bu ölkələrin qaz nəqli sistemlərini əlaqələndirməkdir ki, Bolqarıstandan və Rumıniyadan keçməklə Avropanın Cənubuna nəql edilən Xəzər qazı Mərkəzi Avropaya çatdırıla bilsin. İqlim və energetika məsələləri üzrə komissar Migel Kanete deyib: “Biz şəbəkə yaradırıq. Bu, ənənəvi böyük qaz kəməri yox, kiçik qaz kəmərləri şəbəkəsi olacaq və cənubdan şərqə və qərbə gələn axınları bölüşdürməyə, beləliklə enerji mənbələrini şaxələndirməyə və qiyməti azaltmağa imkan verəcək. Qaz kəmərinin Rumıniya hissəsinin uzunluğu 550 km, ümumi dəyəri isə təqribən 560 milyon avro olacaq. Layihənin maliyyələşdirilməsində Avropa İttifaqı fəal iştirak edir. Rumıniyanın energetika naziri Viktor Vlad Qriqoresku deyib: “Bu qaz kəməri Avropa İttifaqı tərəfindən ümumi marağın təmin edilməsi mexanizmi deyilən üsulla ciddi maliyyə dəstəyi alıb. Aİ-nin sərmayəsi təxminən 180 milyon avroya bərabərdir. Biz isə 220 milyon avro yatıracağıq. Bu, enerji təhlükəsizliyindən əlavə, həm də ÜDM-i artırmağa və yeni iş yerləri açmağa imkan verəcək”. Layihə yeni tərəfdaşların qoşulması üçün açıqdır: Budapeştdə Yunanıstan və Ukrayna da niyyət deklarasiyası imzalayıblar. Xatırladaq ki, bu il iyul ayında Bakıda SOCAR ilə Rumıniyanın “Transgaz” şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, təbii qazın nəqli sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Xəzər dənizi regionundan qaz tədarükü hesabına qaz tranziti və paylanması sahəsində Rumıniyanın potensialından istifadə olunması imkanlarının, habelə ümumi maraq doğuran potensial perspektivlərin araşdırılması, uzunmüddətli sazişlər və ya spot-sövdələşmələr əsasında, o cümlədən AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnrektor) layihəsi çərçivəsində maye qazın qəbulu üzrə potensial terminallar da daxil olmaqla, Rumıniya bazarına təbii və maye qaz tədarükü və treydinqi sahəsində əməkdaşlıq imkanlarının birgə öyrənilməsi kimi məsələlər nəzərdə tutulur.xeber100.com

Sentyabr 11, 2016 8:16

Metropoliten qış qrafikinə keçir

Bakı metropolitenində sentyabrın 15-dən etibarən qış qrafikinin tətbiqinə başlanılacaq. “Bakı Metropoliteni” QSC-dən “Apa-Economics”ə verilən məlumata görə, QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiriləcək. Yeni qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkətin sıx olduğu saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov” stansiyasından “28 May” stansiyası daxil olmaqla hər iki istiqamətdə interval hərəkətin çox olduğu saatlarda 2 dəqiqəyə endiriləcək. Qeyd edək ki, hərəkətin sıx olduğu vaxt səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu zaman xətlərin “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. “Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-sıx saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək”, - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.xeber100.com

Sentyabr 9, 2016 11:25