Polşanın Azərbaycandakı səfiri Marek Tsalka Energetika Nazirliyində olub

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka Energetika Nazirliyində olub. Nazirlikdən “Apa-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında əlaqələrin uğurla inkişaf etdiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsində rolu qeyd edilib. Səfir M.Tsalka deyib ki, Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Azərbaycanın yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, 26-27 sentyabrda Polşanın İnkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfəri gözlənilir və səfər çərçivəsində iki ölkənin sahibkarlarının görüşlərinin təşkili prioritet istiqamətlər üzrə konkret addımları müəyyənləşdirməyə töhfə verəcək. Görüş zamanı Polşanın İnkişaf nazirinin birinci müavininin həm bu səfərinin, həm də cari ilin sonunda keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan hökumətlərarası komissiyasının 7-ci iclasının yüksək səviyyədə təşkili məqsədilə bir sıra təkliflər də səsləndirilib. Bildirilib ki, əməkdaşlıq potensialının dəyərləndirilməsi üçün sentyabr ayının birinci yarısında Azərbaycanın aparıcı işgüzar dairələrinin nümayəndələrindən ibarət qrupun Polşaya səfəri də zəruridir. Energetika naziri, Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Natiq Əliyev isə lazımi dəstəyin veriləcəyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.xeber100.com

İyul 19, 2016 10:36