“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən…

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Palatadan Azərtac-a bildirilib ki, bu məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (nazirlik) və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Audit tədbiri nazirliyin və seçmə üsulla müəyyən edilmiş 5 qurumun fəaliyyətini, 2014-cü il və 2015-ci ilin 9 ayı üzrə ümumilikdə 433,8 milyon manat məbləğində vəsaiti əhatə edib. Əhatə olunmuş vəsaitlərin 86,4 faizini məhz funksional fəaliyyət üzrə olmaqla “Sosial müdafiə və sosial təminat” xərcləri təşkil edib. Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və müvafiq Təqdimatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara, vergi öhdəliklərinin qanunvericiliyə uyğun dövlət büdcəsinə hesablanması və ödənilməsi vəziyyətinin araşdırılması məqsədilə müvafiq məlumat Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilib.xeber100.com

İyul 26, 2016 10:57

“Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”…

Mərkəzi Banka yeni səlahiyyət verilib. Apa-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları (“VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company”, “DISCOVER FINANCIAL SERVICES”, “JCB Co., Ltd.”) tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən, bundan sonra kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Mərkəzi Bankı tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik Mərkəzi Bank tərəfindən Kart Ödənişləri üzrə Milli Şəbəkənin yaradılması ilə bağlıdır. Kart Ödənişləri üzrə Milli Şəbəkə çərçivəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılıb və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək. Bu, ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.xeber100.com

İyul 22, 2016 3:51

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması

Dövlət Statistika Komitəsinin nümayəndələri "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində iyulun 17-dən 23-dək Niderland Statistika Bürosunun təlimlərinə qatılıblar. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlimlərdə Dövlət Statistika Komitəsinin sosial statistika şöbəsinin müdiri Elçin Hacı, əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və komitənin iki əməkdaşı iştirak edirlər. Əsas məqsəd Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi (ESSPROS) metodologiyası ilə tanışlıq və bu sistemin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsidir. Niderlandlı mütəxəssislər tərəfindən Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi metodologiyasının mahiyyəti, sistemin əsasları və Milli Hesablarla əlaqəsi izah ediləcək. Həmçinin ESSPROS-un modulları, əsasən də pensiya modulu haqqında ətraflı fikir mübadiləsi aparılmaqla üstünlükləri haqqında məlumat veriləcək. Sistemin qurulması üçün zəruri məlumatların toplanması üsulları və məlumat mənbələri haqqında müzakirələr də aparılacaq. Bundan əlavə səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dövlət Statistika Komitəsinin nümayəndələrinin Azərbaycanda əlillik statistikasının strukturu, əldə olunan məlumatlar, onların mənbələri, məlumatların toplanması üsulları haqqında təqdimatları dinləniləcək. Bu sahə üzrə mövcud vəziyyət, məlumatlara olan zərurət, qarşıya çıxan problemlər və onların həlli üsulları da müzakirə ediləcək.xeber100.com

İyul 22, 2016 12:01