Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlayıb

İyunun 9-da Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlayıb. Azərtac xəbər verir ki, iclasda Koreya Respublikasının DYƏT-ə üzv olması barədə, DYƏT-in, onun təftiş komissiyasının və nəqliyyat hüququ komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında, birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq, DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı, üzvlük haqlarının ödənilməsi, DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı, DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında və BMT-nin İqtisadi Komissiyasının “Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru” iş üzrə DYƏT-in Komitə sədrinin məlumatı üzrə məsələlər müzakirə olunur. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının və dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın hazırda nəqliyyat sahəsində reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində görülən işlərin böyük hissəsi yekunlaşıb. “Gürcüstan ərazisində artıq işlər bitib. Hazırda abadlıq işləri aparılır. Türkiyə isə əldə olunan razılığa əsasən tikinti işlərini 2016-cı ilin sonunda yekunlaşdıracaq. Bundan sonra Avropaya ən qısa və ucuz yolla yükdaşıma həyata keçirmək mümkün olacaq”, - deyə C.Qurbanov vurğulayıb. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov təşkilata üzv olan ölkələri dəmir yolu sahəsində əlaqələri genişləndirməyə çağırıb. O bildirib ki, burada iştirak edən ölkələr yaranmış şəraitdən istifadə edərək iqtisadi inkişafı sürətləndirə bilər. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik. Qeyd edək ki, Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunur.xeber100.com

İyun 9, 2016 12:32

“Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi

“Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi Milli Məclisdə qəbul olunmağa hazırdır. Layihə üçüncü oxunuşda parlamentin aqrar siyasət komitəsinin iclasında müzakirə edilib. “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların verdiyi təkliflərin uyğun gələnləri sənəddə nəzərə alınıb. Layihəyə əsasən, kooperativlər fəaliyyət xarakterinə görə üç növdə yaradılacaq. İstehsal kooperativlərində görülən işlərin ən azı 70 faizi kooperativ tərəfindən yerinə yetirilməlidir. Burada muzdla işləyən işçilərin əməyindən də istifadə oluna bilər. Amma bu işçilərin sayı kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehlak kooperativləri kənd təsərrüfatı məhsullarının emalı, tədarükü, satışı, reklamı, sığortası və digər fəaliyyətləri ilə məşğul olacaq. İstehsal-istehlak kooperativləri isə kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı, istehlak kooperativlərinin fəaliyyət növlərindən bir və ya bir neçəsini yerinə yetirəcək. “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” fəslində dövlətin, bələdiyyələrin vəzifələri göstərilir. Belə ki, dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyənləşdiriləcək. Bələdiyyələr kooperativ ittifaqının müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməli, məhsulun istehsalı, tədarükü, emalı və satışında köməklik göstərməlidir. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək və brend məhsullar istehsalını formalaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada kooperativlərin nəzdində kooperativ bazarlar təşkil ediləcək. Həmin bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayanların satış etməsinə yol verilməyəcək. Könüllü yaradılacaq kooperativlər demokratik əsaslarla idarə olunacaq və onların fəaliyyətinə üzvlər nəzarət edəcək. İclasda “Notariat” və “Fitosanitar nəzarəti” haqqında qanunlara təklif edilən dəyişikliklərə də baxılıb və sonda hər üç layihə Milli Məclisə tövsiyə olunub.xeber100.com

İyun 8, 2016 2:54

Kreditin bərpasına start götürüldü

Hazırda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının təxminən yarısı kredit verir. Virtualaz.org bildirir ki, banklar artıq məhdudiyyətlə olsa da manatla kreditləşmənin bərpasına başlayıblar. Hazırda “Rabitəbank”, “Accessbank”, AFB Bank”, “Kapital Bank”, “Azər-Türk Bank”, Atabank”, “Bank of Baku”, Bank Respublika”, “Paşa Bank”, “Unibank”, “Bank Avrasiya”, “Dəmirbank”, “Parabank”, Azərbaycan Beynəlxalq Bankı, Bank Nikoil”, Bank BTB”, “Caspian Development Bank” manatla kredit verilişini həyata keçirir. Qeyd edək ki, “Rabitəbank” və “Parabank” lombard və depozit təminatı əsasında həm manatla, həm də dollarla kreditləşməni davam etrdirir. “Azərbaycan Sənaye Bankı” və “Yapı Kredi Bank Azerbaijan” isə nağd pul krediti verməsə də, müştərilərə kredit kartı təklif edirlər. “Ziraat Bank Azerbaijan” hazırda ancaq biznes kreditləri verməklə məşğuldur. “Xalqbank”da isə hazırda yalnız Sahibkarlığa Kömək Milli Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə verilən kreditlər aktivdir. Qeyd edək ki, dollarla kreditlər əsasən biznes kreditləri və gəliri dollarla olan müştərilər üçün nəzərdə tutulub. “Bank Avrasiya” və “Bank Nikoil” dollar kreditlərini yalnız gəliri dollarla olanlara təklif edir.xeber100.com

İyun 6, 2016 2:52

“Türk Hava Yolları”nın 25 illiyinə həsr olunan tədbir təşkil olunub

Bu gün Bakıda “Türk Hava Yolları”nın Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbir təşkil olunub. “Apa -Economics” xəbər verir ki, tədbirdə çıxış edən “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas bildirib ki, Azərbaycana ilk dəfə 1991-ci ilin mart ayında İstanbul-Trabzon-Bakı şəklində birtərəfli şəkildə yerinə yetirilib. “Bu gün gün uçuşlarımız gün ərzində 5 dəfə olmaqla yerinə yetirilməkdədir. Bakı ilə birlikdə, Gəncə, Naxçıvan şəhərlərindən uçuşlarla Azərbaycanı dünya ilə birləşdiririk”, - deyə S.İlyas qeyd edib. Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan çıxışı zamanı “Türk Hava Yolları”nın inkişafından söz açaraq şirkətin bundan sonra fəaliyyətinin daha da genişlənəcəyini, daha çox məntəqələrə aviareyslər həyata keçirəcəyindən əminliyini ifadə edib. “Azərbaycan Hava Yolları” QSC ilə “Türk Hava Yolları”nın birgə əməkdaşlığından danışan nazir bu iki şirkətin təkcə sərnişin daşımaçılığı həyata keçirmədiyini həmçinin qəlbləri birləşdirdiyini qeyd edib. “Azərabycan müstəqillik əldə edəndən sonra “Türk Hava Yolları” ilk xaricdən Azərbaycana uçuş həyata keçirən şirkətdir. Məhz bununla bağlıdır ki, “Türk Hava Yolları”nın da bu il 25 illiyidir. “Türk Hava Yolları”nın “Azərbaycan Hava Yolları” ilə əməkdaşlığı həm “Azərbaycan Hava Yolları”na, həm də “Türk Hava Yolları”na dəyər verib”, - deyə nazir vurğulayıb. Tədbir konsert proqramı ilə davam edib.

İyun 4, 2016 12:20

Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi

Almaniya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Ötən il Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2 milyard dollara yaxın olub. Azərtac xəbər verir ki, bu fikirlər iyunun 2-də Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar" mövzusunda keçirilən forumda səsləndirilib. Forum Almaniyanın Saksoniya vilayətindən olan müəssisələrin nümayəndələrinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH" İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Sachsen İqtisadi Birliyi GmbH-nın Rusiya\MDB üzrə nümayəndəsi Manfred Liebl qeyd edib ki, Saksoniya Almaniyanın ən innovativ vilayətlərindən biridir. Sachsen GmbH İqtisadi Birliyi Saksoniya vilayətindən olan müəssisələr üçün dünyaya, investorlar üçün isə Saksoniya vilayətinə körpülər qurur. Alman şirkətləri Azərbaycanla, Azərbaycan şirkətləri isə Almaniya ilə əməkdaşlıqda maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir və ümid edirəm ki, növbəti illərdə əlaqələrimiz daha da genişlənəcək. İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirib ki, müstəqilliyimiz bərpa olunduqdan sonra Almaniya ilə əməkdaşlığımız prioritet istiqamətlərdən olub. Ölkələrimiz arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb, Almaniya Azərbaycanda bir sıra layihələrin reallaşdırılmasına dəstək verir, texniki yardım göstərir, infrastruktur layihələrin maliyyələşdirilməsində yaxından iştirak edir. "Ötən il Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2 milyard dollara yaxın olub. Almaniya Azərbaycanın ixrac əməliyyatlarını reallaşdırdığı 2-ci, idxal əməliyyatlarını həyata keçirdiyi 4-cü ölkədir. Xarici ticarətin əsasını sənaye təşkil edir. Ümid edirəm ki, bugünkü forum Almaniya ilə Azərbaycanın sənaye sahəsində əməkdaşlığına və ölkəmizdə birgə innovativ sənayenin yaradılmasına töhfə verəcək", - deyə S.Bəşirli diqqətə çatdırıb. S.Bəşirli Azərbaycanın Almaniyanın əczaçılıq, maşınqayırma, elektron avadanlıqları sahəsindəki təcrübəsini yüksək qiymətləndirib və əczaçılıq sahəsində ixtisaslaşan şirkətləri ölkəmizə dəvət edib. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Folker Berreshaym vurğulayıb ki, Azərbaycan şirkətləri bu gün keçirilən ikitərəfli görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq, şəbəkələrini güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edə biləcək. Forum Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıq, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə keçirilən ikitərəfli görüşlərlə başa çatıb.xeber100.com

İyun 2, 2016 1:25

“Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

İyunun 1-də Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə “Startap Azərbaycan 2016”nın yekun təqdimatı və “Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, 2012-ci ildən fəaliyyət göstərən layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, startap günlərinin və investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu il müsabiqəyə 45 startap layihəsi müraciət etsə də, qaydalara uyğun olan 20 layihə müsabiqəyə buraxılıb. İkimərhələli qiymətləndirmə keçirilib. Qaliblər 10 yarımfinalçı startap arasından seçilib. Bu il həyata keçirilən Startap Azərbaycan tədbirləri çərçivəsində Gəncə Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevirdə tələbə-gənclərlə görüşlər keçirilib, informasiya texnologiyalarının İnkişafına Dəstək Fondu ilə birgə ölkənin startap ekosistem iştirakçılarının birgə toplantısı təşkil olunub, müsabiqəyə qatılan startap komandaları üçün təlimlər təşkil olunub və mentorlarla görüşlər keçirilib. Sonra “Startap Azərbaycan – 2016” layihəsinin yekunları və müsabiqənin nəticələri ilə bağlı təqdimatlar olub. Startap Azərbaycan müsabiqəsinin finalçılarına mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

İyun 1, 2016 3:08