“WorldFood Azerbaijan 2016” sərgisi keçiriləcək

Mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq "Qida sənayesi" "WorldFood Azerbaijan 2016" sərgisi keçiriləcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "ITE Group" şirkətlərinin təşkilatçılığı ilə keçirilir. "Iteca Caspian" şirkətindən Azərtac-a bildiriblər ki, hər il keçirilən "WorldFood Azerbaijan" sərgisində yerli və beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər. Bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcək. "WorldFood Azerbaijan 2016" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli "B2B" görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq. Eyni zamanda, həmin gün keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016" sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.xeber100.com  

May 16, 2016 2:19

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn, Azərbaycan vətəndaşı olan 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Apa-Economics”ə verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdırma zamanı həmin  şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər  gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gəldikləri və postun  qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını  bildiriblər. Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız  bükümdə narkotik maddə-marixuana olduğunu deyib.  Bundan sonra həmin  avtomobilə  Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə  narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi  xalis çəkisi 3,21 olan narkotik vasitə  qurudulmuş marixuana  aşkar edilərək götürülüb.xeber100.com

May 13, 2016 1:08

“TransCaspian” və “Road & Traffic”…

Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian 2016") və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2016") sərgiləri işinə başlayıb. "Apa-Economics"in xəbərinə görə, sərginin açılışında çıxış edən nəqliyyat naziri Z.Məmmədov deyib ki, son illər ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edib: "Bu sahə yeni bir mərhələyə qədəm qoyub. Yol-nəqliyyat infrastrukturunun inkişafında "İpək yolu" layihəsinin rolu böyükdür. İnkişaf prosesi bu gün də sürətlə gedir. Təbii ki, yeni, müasir texnologiyaların inkişafı olmadan yol-nəqliyyat infrastrukturunun inkişafını təsəvvür etmək mümkün deyil. Açılışını etdiyimiz sərgidə də bu cür texnologiyalar iştirakçılara təqdim olunacaq. Bu cür sərginin ölkəmizdə keçirilməsi olduqca vacibdir. Sərgiyə maraq olduqca böyükdür". Nazir qeyd edib ki, sərgidə 75-ə yaxın şirkət iştirak edir ki, onlardan təxminən 40-ı xarici şirkətlərdir. Qeyd edək ki, hər iki sərgi 11-13 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.Bu il özünün 15 illik yubileyini qeyd edən "TransCaspian" sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün "TransCaspian" sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində "TransCaspian" sərgisində təxminən 700 şirkət iştirak edib.Sərgi ilk gündən etibarən Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. "TransCaspian 2016" sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edilər.Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. Yubiley sərginin sektorları arasında hərəkət heyəti və dəmir yolu infrastrukturu, dənizçilik sənayesi, aviasiya, “Kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi sektorları qeyd etmək olar. "Road&Traffic 2016" sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi və ictimai nəqliyyat üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. Sərgidə iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri (İİS), avtobuslar və s. üzrə xidmətlər təklif edəcək. "Road & Traffic 2016" sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.xeber100.com

May 11, 2016 11:50