Şərab məhsulu istehsal etmək üçün yeni tələb müəyyənləşdirilib

Nazirlər Kabineti  “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”də dəyişiklik edib. Apa-nın məlumatına görə, bu Əsasnamə istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir. Əsasnaməyə əsasən yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. İndiyə qədər ərizə ilə birlikdə məhsula dair annotasiya, məhsula ad verilməsi barədə əsaslandırma məktubu, məhsulun hazırlanma texnologiyasına dair təlimat, məhsulun tərkibi barədə reseptura məlumatları, məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı, məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar, məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri və ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə edilməlidir. Qeyd edək ki, xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi(KTN) tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının KTN tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.xeber100.com  

Aprel 20, 2016 11:36

Prezident yeni metro stansiyalarının açılışında iştirak edib

Ölkə başçısı İlham Əliyev Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib. Apa-nın məlumatına görə, dövlət başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək. Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir. Sonra preziden qatarla “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına gəlib. Dövlət başçısına məlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir.xeber100.com  

Aprel 19, 2016 11:53

“Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası

Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 91-107 km hissəsi 4 zolağa genişləndirilməsi ilə bağlı tikinti işləri üzrə satınalmalarla bağlı “Azəravtoyol” ASC tender elan edib. “APA-Economics”in məlumatına görə, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit əldə edərək həmin vəsaitin bir hissəsini “Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 13+290-15+140 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi üçün tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə sərf etmək niyyətindədir. Müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək. “Azəravtoyol” Bakı-Şamaxı avtomobil yolunun Şamaxı şəhərinə kimi olan 16 kilometrlik hissəsinin genişləndirilməsi və təkmilləşdirilməsini həyata keçirəcək podratçı firmanın seçilməsi məqsədi ilə tikinti şirkətləri arasında ilkin seçim etmək niyyətindədir. Yol geometrik xüsusiyyətlərin təkmilləşdirilməsi və təhlükə risklərinin azaldılması məqsədilə bəzi yerlərdə yol oxunda dəyişikliklər istisna olmaqla mövcud yol oxu üzrə genişləndiriləcək. Yolun mövcud hərəkət hissəsi qaşındıqdan və təmir olunduqdan sonra mümkün qədər genişləndirilən 4 zolaqlı, iki hərəkət hissəli yolun bir hərəkət hissəsi kimi istifadə olunacaq.  Bu hissədə yolu 4 zolaqlı yola uyğunlaşdırmaq üçün mövcud iki körpüyə paralel olan körpülər tikiləcək. Bu yol əsasən yamac sürüşməsi problemi olan ərazilərdən keçir. Yolun genişləndirilməsi üçün tikintinin müddəti və əlavə olaraq qüsurların aradan qaldırılması müddəti hər biri 24 ay nəzərdə tutulub. Tenderin ilkin mərhələsinə təklif vermək üçün sənədin ingilis dilində toplusu təqdim olunduqdan sonra, 150 manat və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə oluna bilər. xeber100.com    

Aprel 16, 2016 12:09