TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub

Bu ilin yanvar-may aylarında TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, istismara veriləndən iyunun 1-dək isə TANAP-la Türkiyəyə 5,47 milyard kubmetr qaz nəql edilib.Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib.xeber100.com

İyun 24, 2020 3:01

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reyslər bərpa edilir

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kiloqram çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.xeber100.com

İyun 18, 2020 2:46

“Azərbaycan Hava Yolları” QSC sərnişinlərə müraciət edib

İyunun 17-18-də Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər.Azərtac xəbər verir ki, qaydalara əsasən, sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq. Bakı-İstanbul reyslərinə birinci terminalda xidmət göstəriləcək. Bundan başqa, iyunun 17-si və 18-də AZAL tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin ölkələrdə yaşamaq hüququna malik olan şəxslər) əldə edə bilər. İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.Aviaşirkət və hava limanı əməkdaşları isə öz növbələrində uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.xeber100.com

İyun 16, 2020 12:01

“Kapital Bank”ın reytinqi “BB-/B” səviyyəsində təsdiqlənib

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.Agentliyin fikrincə, “Kapital Bank” növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neftin qiymətinin düşməsi səbəbindən dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin “Kapital Bank”ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün “Kapital Bank”ın kredit və depozit portfelində 10-15 faiz səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5-10 faiz yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə bankın diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com

İyun 16, 2020 11:54