“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri 35-ci Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb. Festival noyabrın 15-dən 24-dək Misirin paytaxtı Qahirədə keçiriləcək. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmlərimiz festivalın “Panorama” proqramında nümayiş etdiriləcək. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar. “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (WeiT Media). Ekran əsərində baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar. Qeyd edək ki, “Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçiriləcək 7-ci Avropa Film Festivalına da dəvət alıb.

Oktyabr 17, 2016 12:20

Mahnı Teatrında poeziyası axşamı keçirilib

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində ispan musiqisi və poeziyası axşamı keçirilib. Azərtac xəbər verir ki, layihənin rəhbəri Nigar Həsənzadə tədbirin əhəmiyyətindən danışıb. O, ispan ədiblərinin və musiqi xadimlərinin əsərlərinin Azərbaycan oxucuları üçün də maraqlı olduğunu söyləyib. Bu imkanı yaratdığı üçün İspaniyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib. Tədbirdə İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Diez Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin hazırkı vəziyyəti, perspektivləri, əməkdaşlıq məsələləri barədə danışıb. İki ölkə arasında mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan diplomat belə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Azərbaycan Dillər Universitetinin ispan dili müəllimi Fransisko Kapilya layihənin təşkilatçılarına minnətdarlığını bildirib. İspan ədəbiyyatının və musiqisinin təbliğində layihənin əvəzsiz töhfə olduğunu söyləyib. Sonda Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edilib.Tamaşaçılar Migel de Servantesin, Xorxe Manrikenin, Qustavo Adolfo Bekerin, Federiko Qarsiya Lorkonun əsərlərini, həzin ispan musiqisini və çılğın ispan rəqslərini alqışlarla qarşılayıblar.xeber100.com

Oktyabr 15, 2016 7:06

Rəssamlar İttifaqının təşkilatçılığı ilə sərgi açılıb

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Xatirələrim” adlı sərgi açılıb. Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutub. Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Deyib ki, Asiman təxəllüsü ilə tablolarını ərsəyə gətirən rəssam fırçanın dili və müxtəlif rəng çalarları ilə Abşeron təbiətini, qədim Bakının gəzməli-görməli yerlərini sənətsevərlərə müfəssəl çatdıra bilib. Fırça ustası əsərlərində ciddi axtarışlardan sonra ərsəyə gətirdiyi bədii görkəm cəlbediciliyi ilə hər kəsi düşünməyə vadar edir. Təxəyyül sonsuzluğundan xəbər verən bu bədii yozumlara diqqət yetirəndə inanırsan ki, əsl rəssamlıq doğrudan da başqalarının görə bilmədiklərini kəşf etməkdən və yaxud da, adi gözlə yaxşı görünənləri çox fərqli rakursdan bədiiləşdirə bilməkdən başlayır. Vurğulanıb ki, rəssamın müxtəlif janrda yaratdığı sənət əsərləri əsasən vətənpərvərlik mövzusuna həsr olunub. Rəssam İntiqam Ağayev sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi bir həftə davam edəcək.xeber100.com

Oktyabr 15, 2016 7:02