Ombudsman Aparatı 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Aparatın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər. Rəsmlər A3 formatda işlənməli, müəlliflər haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5 ölçüdə) noyabrın 25-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim olunmalıdır. Rəsmlər müsabiqənin mövzusuna uyğun gəlməli, əsərlərdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəası öz əksini tapmalı, rəsmlər mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır.