Musiqili Teatr 107-ci mövsümünə start verib

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümünə start verib. Teatrın mətbuat xidməti məlumat verib ki, yeni mövsümün ilk tamaşası dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası olub. Tamaşanın nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı çıxış edib. O, dahi Üzeyir Hacıbəylinin yaradıcılığından, Milli Musiqi Gününün əhəmiyyətindən, Azərbaycan Dövlət Musiqili Teatrının uğurlu fəaliyyətindən, nəzərdə tutulan yeni tamaşalardan söz açıb. Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası, eyni zamanda, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib. İkihissəli möhtəşəm operetta tamaşaçılara - festival iştirakçılarına, şəhərimizin qonaqlarına, əcnəbilərə ingilis dilində tərcümə sətirləri – qaçan titrlər vasitəsilə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas rolları Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.xeber100.com

Sentyabr 20, 2016 11:37

Gənc Tamaşaçılar Teatrının məlumatına görə…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 89-cu teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətinin məlumatına görə, tamaşadan öncə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək yeni mövsümün yenilikləri haqqında danışıblar. Daha sonra “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq Artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə əsərində aktyorlar İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak edib. Daha sonra sənət ocağında iki hissəli psixoloji dram janrında olan “Məhv olmuş gündəliklər” tamaşası təqdim olunub. quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov olan səhnə əsərində musiqi tərtibatı Mixail Simonovski, rəqslərin quruluşu isə Əməkdar Artist Nicat Kazımova məxsusdur. Tamaşada Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Anar Seyfullayev, İlham Əsədov, Kərəm Hadızadə və başqaları iştirak edib.xeber100.com

Sentyabr 18, 2016 9:19

Milli Dram Teatrı 144-cü teatr mövsümünü açdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 144-cü teatr mövsümünü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açıb. Azərtac xəbər verir ki, teatrın baş rejissoru və direktoru Xalq Artisti Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib. A.Nemət deyib ki, görkəmli dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər. Qeyd olunub ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir. Sonra səhnə əsərində çıxış edən aktyorlar səhnəyə dəvət olunub. Tamaşaçılar aktyorları alqışlarla qarşılayıb. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir. Səhnə əsərində əsas rolları Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov və başqaları ifa ediblər. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.xeber100.com

Sentyabr 18, 2016 9:11