Olduğu kimi görünən, göründüyü kimi olan SƏNƏTKAR

Avqust ayı görkəmli sənətkarımız İlhamə Quliyevanın dünyaya göz açdığı aydır... İ.Quliyeva 17 avqust 1943-cü ildə dünyaya göz açıb. Musiqiçi ailəsində doğulan İlhamə üçün musiqisiz həyatı təsəsvvür etmək çətin olardı.  Sənətkar 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin  solistidir. Daima repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini daxil edib. Səhnə performansı ilə hər zaman diqqəti çəkən İlhamə xanım olduğu kimi görünən, eyni zamanda səhnəyə yaraşan, səhnə üçün yaşayan sənətkarlardan biri olub. Fəaliyyəti müddətində dünya ölkələrində qastrol səfərlərində olan müğənni Azərbaycan musiqisinin təbliğində böyük rol oynyıb. Milli ruhlu sənətkar daima Azərbaycançılıq mövqeyindən çıxış edib ki, bu onun fəaliyyətində də özünü göstərib. Onun haqqında keçmiş zamanda danışmaq doğru olmazdı, çünki İlhamə bir sənətkar olaraq daima var olan, ölümdən sonrakı həyata inanan musiqiçilərimizdən olub. Saysız-hesabsız mükafatlara, sahib olan, fəaliyyəti dövründə bütün titulları qazanan sənətkarımıza Allahdan rəhmət diləyirik.xeber100.com  

Avqust 18, 2016 3:23

Bu gün Müslüm Maqomayevin doğum günüdür

Hər il avqustun 17-də  Xalq Artisti Müslüm Maqomayevin xatirəsi dərin ehtiramla anılır. Azərbaycanın opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib. Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib. Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülüb.xeber100.com  

Avqust 17, 2016 3:44

“Mədəni irsimiz fotolarda” adlı sərgi-müsabiqə keçiriləcək

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı sərgi-müsabiqə təşkil olunacaq. Azərtac “Arts Council Azerbaijan”ın “facebook” səhifəsinə istinadla məlumat verir ki, layihə ölkəmizin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçiriləcək. Belə ki, layihə çərçivəsində gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi-müsabiqə “Art Villa” qalereyasında baş tutacaq. Sözügedən layihə, həmçinin mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqinə, o cümlədən ölkədə turizmin inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, sərgiyə memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş fotolar təqdim olunmalıdır. Fotolar [email protected] elektron ünvanına göndərilməlidir. Hər iştirakçı 5–dək foto göndərə bilər. 3 min piksel və JPEG formatında nəzərdə tutulan fotolar son 3 il ərzində çəkməlidir.xeber100.com

Avqust 17, 2016 3:24