Musiqili Teatr “Amerikalı kürəkən”ı təqdim edir…

Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasını təqdim edəcək.  Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru  İlham Namiq Kamaldır. İ.N.Kamal bildirib ki, bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır: "Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burada bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu, çox yanlış bir fikirdir. Və bizim əsərin qəhrəmanı olan ana - Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O, qızını varlı, malı-dövləti başından aşan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini - ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Elə əsl məzhəkə də bundan sonra başlayır. Yeri gəlmişkən, qeyd edim ki, Tünzalə obrazını tanınmış müğənnimiz, əməkdar artist Almaz xanım Ələsgərli ifa edir".Qeyd edək ki, Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz Musiqili Teatrda səhnəyə çıxıb və Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül" əsərində baş qəhrəmanı - Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən A.Ələsgərli əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatrda işləmək arzusu ilə Azərbaycan Dövlət Musiqili Teatrına müraciət edib. Artıq o, Musiqili Teatrın aktrisasıdır. "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.xeber100.com    

Aprel 18, 2016 12:50

“Sarılar – Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatı olub

Ötən gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan, "Azərbaycanfilm" kinostudiyası və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı "Sarılar - Qarabağ atının izi ilə" adlı yeni sənədli filmin təqdimatı olub.Trend-in məlumatına görə, çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan "Sarılar - Qarabağ atının izi ilə" sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir. Rejissor Villi Neumann bildirib ki, 2012-ci ildə Azərbaycanı və bölgələrini gəzərkən burada milli çövkən atüstü oyununu izlədikdən sonra bu mövzuda film çəkməyə qərar verib: "Burada gördüklərim məndə böyük maraq doğurdu. Bu atüstü oyun, onun yaratdığı xoş duyğular məni belə bir ekran əsərinin çəkilməsinə sövq etdi. Ölkəmə qayıtdıqdan sonra bu oyunla, eləcə də Qarabağ atları ilə ciddi maraqlanmağa başladım. Nəticədə belə bir film ərsəyə gəldi". V.Neumann deyib ki, yaxın gələcəkdə filmin alman dilində yüksək səviyyədə səsləndirilməsi təmin ediləcək və ekran əsərinin Almaniyada təqdimatı keçiriləcək.Film təqdimatından öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün yaradıcı heyətə minnətdarlığını bildirərək vurğulayıb ki, bu olduqca mühüm layihədir. Nazir yaxın gələcəkdə bu istiqamətdə layihələrin davamlı olacağına inamını ifadə edib. Sonra film təqdim olunub. Azərbaycan dilində səsləndirilən bu film ingilis dilində subtitrlərlə təqdim olunub. Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmiz qanlı at cinslərində biridir. Azərbaycandakı "qızıl at" haqqında hekayələrdən ruhlanan tələbə Pauli Qarabağ atını görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə yola düşür. O, yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur.xeber100.com

Aprel 18, 2016 11:33

“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb. Apa-nın məlumatına görə, sərginin açılış mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfə keçirilir: “Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin elmi əsərləri öyrənilib”. A. Əlizadə isə Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki yerindən danışıb, sərginin əhəmiyyətini Azərbaycan tarixi üçün böyük uğur kimi dəyərləndirib. Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupunun nağaralarda ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlayıb.  “Qədim musiqi alətləri ansamblı”nın ifasında XIV əsr bəstəkarı Əbdülqədir Marağayinin müəllifi olduğu “Hüseyn bəstə”, “Naxış bəstə” musiqiləri, həmçinin “Qədim türk” musiqisi səslənib.  Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin ilk dövrlərinə aid unikal eksponatlar toplanıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunub. Onların əksəriyyəti ilk dəfədir nümayiş olunur.xeber100.com      

Aprel 17, 2016 5:41

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-110

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 27 həmkarlar təşkilatını birləşdirir ki, onlardan biri də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqıdır. Azərtac xəbər verir ki, aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində təşkilatın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Bütün iştirakçıları 15 aprel - Beynəlxalq Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə təbrik edən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan danışıb.  Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan komitə sədri bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirib. Tarixini 1935-ci ildən başlayan bu gün BMT tərəfindən dünya şöhrətli rəssam Nikolay Rerixin təşəbbüsü ilə təsis olunub və mədəniyyətin qorunmasına, hərtərəfli inkişafına və geniş təbliğinə həsr olunur. Beynəlxalq Mədəniyyət günü eyni zamansa "Rerix paktı" kimi də dünyada qəbul edilib. Natiq bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturazlizm ili” kimi qeyd olunur. Multikulturalizm müasir Azərbaycan dövlət siyasətinin ən vacib istiqamətlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən vurğulanıb. Bu siyasətin əsaslarını qoyan ümummilli liderimiz Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının ən vacib alətlərindən biri kimi qiymətləndirib. Multikulturalizm Azərbaycan vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunan bir varlıqdır. Bildirib ki, XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranıb təşkilatlanması həmin dövrdə sənayenin güclü inkişafı, iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə ordusunun yaranması ilə bilavasitə sıx əlaqədardır. Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. 1904-cü ilin 13-30 dekabrında Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq dekabrın 30-da "Elektriçeskaya sila" zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə sonralar "Mazut Konstitusiya" adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən, Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin, bu ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir. Natiq deyib ki, hazırda təşkilata üzv olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və rayonlarında yerli komitələri mövcuddur. Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan komitə sədri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu söyləyib.xeber100.com

Aprel 15, 2016 2:34