Rəşid Behbudovun anadan olmasının 103-cü ildönümü tamam olur

Dekabrın 14-ü görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 103-cü ildönümü tamam olur. Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin” mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb.xeber100.com  

Dekabr 14, 2018 2:52

Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

2019-cu il yanvarın 25-dən 30-dək Bakıda Beynəlxalq İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək. Kinosevərlər festival çərçivəsində dünyanın həm gənc, həm də tanınmış rejissorlarının filmlərinə tamaşa edə biləcəklər. Tədbirin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması və müxtəlif ölkələrin rejissorları arasında təcrübə mübadiləsidir. Festival Azərbaycan Mədəniyyət Nazirliyi, “Imago Group” kino şirkəti, “Sandro Teti Editore” nəşriyyat evi və “United Cultures” təşkilatının təşkilati dəstəyi ilə keçiriləcək.Azərtac xəbər verir ki, bu məlumatı jurnalistlərlə “Landmark” otelində keçirilən görüşdə festivalın təşkilatçıları - tanınmış italyan kinorejissoru Rossi Massimi və “Imago Group” kino şirkətinin təmsilçisi Luçiya Maçaleni bölüşüblər.Görüşdə vurğulanıb ki, kinofestival Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə olacaq.Qeyd olunub ki, bu formatda festival ilk dəfədir keçirilir. Tədbir çərçivəsində, həmçinin məşhur rejissor və aktyorlarla görüşlər, ustad dərsləri də nəzərdə tutulub. Festivalda iştirak etmək üçün [email protected]. elektron ünvanında qeydiyyatdan keçmək lazımdır.Görüşün sonunda Rossi Massiminin “Antonio sindromu” filmi nümayiş etdirilib.xeber100.com

Noyabr 28, 2018 1:49

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59