Sentyabrın 29-u Dünya Ürək Günü kimi bütün dünyada qeyd ediləcək. Bu günlə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti də ölkəmizdə bir sıra tədbirlər həyata keçirir. Cəmiyyətdən Azərtac-a bildiriblər ki, sentyabrın 29-da “Park Bulvar”da, sentyabrın 30-da “Metropark”da “Sağlam ürək” həftəsi çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı Dünya Ürək Gününün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vacib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək. Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək.xeber100.com