2018-ci maliyyə ilinin büdcəsi təsdiqlənib

Dekabrın 22-də Yaponiyanın hakimiyyət orqanları 2018-ci maliyyə ili (2018-ci il aprelin 1-də başlayır) üçün büdcə layihəsini təsdiq edib.Azərtac xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.Sənədə görə, növbəti maliyyə ili üçün dövlət büdcəsinin ümümi məbləği 97,7 trilyon yen (təqribən 861 milyard dollar) təşkil edəcək ki, bu da cari ildəkindən 260 milyard yen (təqribən 2,2 milyard dollar) çoxdur. Büdcənin üçdə birindən çox hissəsi sosial sahəyə, o cümlədən əhaliyə səhiyyə xidmətinin göstərilməsinə sərf ediləcək. Təqribən 5,19 trilyon yen (45,7 milyard dollar) vəsaitin müdafiə xərclərinə yönəldilməsi nəzərdə tutulur ki, bunun da əsas hissəsi Koreya yarımadasında artan gərginliklə əlaqədar yeni silahların alınmasına xərclənəcək.Burada söhbət Tokionun Vaşinqtonla birlikdə hazırladığı yeni “SM-3 Bock 2A” raket əleyhinə sistemdən gedir. Bundan əlavə, hökumət vəsaitin bir hissəsini ABŞ-a məxsus yerüstü “Aegis Ashore” raket əleyhinə sistemlərin alınmasına və Yaponiya ərazisində yerləşdirilməsinə hazırlıq işlərinə sərf etməyi planlaşdırır. Cari illə müqayisədə gələn il müdafiə məqsədlərinə ayrılacaq xərclər 1,5 faiz artacaq.Yaponiya hökuməti, eyni zamanda, cari maliyyə ili üçün 2,89 trilyon yen (25,4 milyard dollar) məbləğində əlavə büdcə ayrılması barədə də qərar qəbul edib. Həmin vəsaitin bir çox regionlarda, o cümlədən Hokkaydo adasında təbii fəlakət nəticəsində dəymiş zərərin aradan qaldırılmasına sərf olunacağı bildirilir. Bununla yanaşı, hökumət “Aegis Ashore” komplekslərinin yerləşdiriləcəyi Akita və Yamaquçi prefekturalarında ekoloji ekspertiza üçün də 2,1 milyard yen (18 milyon dollar) xərcləməyi nəzərdə tutur.xeber100.com

Dekabr 22, 2017 3:01

BMT-nin Baş Assambleyasının təcili iclasında

BMT-nin Baş Assambleyasının dekabrın 21-nə planlaşdırılan təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarını müzakirə ediləcək.Interfax informasiya agentliyi xəbər verir ki, iclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə keçiriləcək.Bir qədər əvvəl Təhlükəsizlik Şurasının Vaşinqtonun addımını qınayan və 14 üzv ölkənin dəstəyini qazanan qətnaməsinə Birləşmiş Ştatların veto qoymasından sonra Fələstin bu məsələ üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini xahiş edib.Müşahidəçilər qeyd edirlər ki, qətnamə layihəsində Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi barədə qərar qəbul edən ABŞ prezidentinin adı çəkilmir, sadəcə “Qüdsün statusu ilə bağlı dərin məyusluq” ifadə olunur.ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli öz növbəsində Baş Assambleyanın sessiyasının çağırılmasına kəskin reaksiya verib. “Dekabrın 21-də seçimimizi qınayan səsvermə keçiriləcək. ABŞ adları yadda saxlayacaq”, - deyə o, Twitter səhifəsində qeyd edib.ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Ukrayna da BMT Təhlükəsizlik Şurasının iclasında qətnamənin lehinə səs verib. Bununla əlaqədar Heyli Twitter səhifəsində yazıb: “Biz Amerika vətəndaşlarının istəyi əsasında səfirliyimizin harada yerləşdirilməsi barədə qərar qəbul edəndə dəstəklədiyimiz dövlətlərin bizə qarşı çıxacağını gözləmirdik”.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.xeber100.com

Dekabr 20, 2017 3:02