Sabah Fransada prezident seçkilərinin həlledici turu keçiriləcək. Son sosioloji sorğuların nəticələrinə əsasən, fransız seçicilərin hər beş nəfərindən biri ikinci turda kimə səs verəcəyini hələ də müəyyənləşdirməyib.Seçkilər ərəfəsində demək olar hər gün keçirilən rəy sorğularının nəticələri “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makronun qələbəsinə işarə edir. Son günlər onun reytinqi davamlı olaraq artaraq 63 faizə yüksəlib. Makronun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen ondan təxminən iki dəfə az - 37 faiz dəstəyə malik olsa da, analitiklər dəqiq proqnoz verməkdən çəkinirlər. Siyasi dairələrin fikrincə, seçkilərin nəticəsi son günədək tərəddüd keçirən 45 milyona nəfərə yaxın elektoratın səfərbər edilməsindən birbaşa asılı ola bilər.Fransada budəfəki prezident seçkilərinin digər özəlliyi ikinci tura ölkənin aparıcı partiyalarından heç birinin adlaya bilməməsidir. Həm hakim partiya olan sosialistlərin liderləri, həm də müxalifətçi “Respublikaçılar” partiyasının rəhbərləri baş verənləri tamaşa salonundan seyr etməklə kifayətlənirlər.Otuz doqquz yaşlı Makron “Fransa siyasətinə yenilənmə gətirəcəyini” vəd edir. Onun daxili məsələlərdə strategiyası əvvəlki antaqonizmlərin inkarı üzərində qurulub. Şərhçilərdən biri Makronun proqramını belə ümumiləşdirir: “Nə sol, nə də sağ – hər ikisi eyni zamanda”. Mərkəzci Makron prezident seçildiyi təqdirdə, Fransa Avropa İttifaqı ilə yola davam edəcək.Millətçi Le Penin proqramı isə Fransanın “suveren maraqlarına” yönəlir. O, ölkəyə miqrant axınını dayandırmaq, əmək bazarını qorumaq üçün Fransa sərhədlərini möhkəmlətmək niyyətindədir. “Milli cəbhə”nin namizədi cəmiyyətin səylərini terror təhlükəsinin qarşısının alınmasına cəmləşdirməyi planlaşdırır. O, terrorla mübarizədə Rusiya ilə fəal əməkdaşlıq təklif edir, Avropa İttifaqını antirusiya sanksiyalarının ləğvinə çağırır. Le Pen prezident seçilərsə, Fransanın Aİ-də üzvlüyü sual altına düşəcək.Emmanuel Makrona istər ölkə daxilində, istərsə də xaricdən böyük dəstək gəlir. Hazırkı prezident Fransua Ollandan tutmuş, əksər siyasi simalar və partiyalar onun tərəfindədir. Bu dairələr Le Penin şəxsində Fransa üçün milli təhlükə görürlər.Beləliklə, həm sosioloji sorğuların nəticələri, həm də Fransada formalaşmış siyasi-ictimai fikir seçkilərdə Makronun favorit olduğunu təsdiqləyir. Lakin bu o deməkdirmi ki, favorit uduza bilməz? Fransa siyasətçilərinin veteranı, “Respublikaçılar” partiyasının payız praymerizində uğursuzluğa düçar olmuş Bordo meri Alen Jüppe bütün sosioloyi xidmətlərin proqnozlarının əksinə olan nəticəni istisna etmir. “Dünən qeyri-adi görünəni, bu gün mümkünsüz saymaq olmaz”, - 73 yaşlı siyasətçi belə deyir. Bununla belə, o, səsini Makrona vermək niyyətindədir.Makron yoxsa Le Pen? Beşinci respublikanın səkkizinci prezidentinin kim olacağına seçkilərin sabah keçiriləcək ikinci turu aydınlıq gətirəcək.xeber100.com