Koreyada növbədənkənar prezident seçkiləri keçiriləcək

Koreya Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin başlamasına bir sutkadan da az qalır. Artıq mayın 9-da ölkə vətəndaşları növbəti beş ildə ölkəyə kimin rəhbərlik edəcəyinə qərar verməlidir.TASS informasiya agentliyi xəbər verir ki, Koreya Respublikasının ali dövlət postu uğrunda 13 namizəd mübarizə aparır. Son ictimai rəy sorğularının nəticələri demokratık “Taburo” partiyasını təmsil edən Mun Çje İnin seçkiqabağı yarışın əsas favoriti olduğunu göstərir.“Realmeter” agentliyinin mayın 3-də dərc olunan məlumatına əsasən, seçicilərin 42,4 faizi Mun Çje İnə səs verməyə hazırdır. Onun yaxın rəqiblərinin hər biri - mərkəzçi “Xalq Partiyası”nın nümayəndəsi An Çxol Su və mühafizəkar “Azadlıq Partiyası”nın namizədi Xon Çjun Pxö respondentlərin yalnız 18,6 faizinin dəstəyinə malikdirlər.An Çxol Su əvvəlki populyarlığını itirdiyi halda (onun reytinqi ən yaxşı halda Mun Çje İndən cəmi 3 faiz geri qalıb), Xon Çjun Pxö, əksinə, əhali arasında dəstəyini 8,4 faiz artırmağa nail olub.Xatırladaq ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.Mayın 9-na təyin olunmuş növbədənkənar prezident seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilir. Mun Çje İn Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması onun bu sahədə fəaliyyətini çətinləşdirir.xeber100.com  

May 8, 2017 1:58

Fransada keçirilən seçkilərdə Emmanuel Makron qələbə qazanıb

Mərkəzçi “İrəli” hərəkatının liderinin minlərlə tərəfdarı öz namizədlərinin qələbəsini qeyd etmək üçün Parisdəki Luvr piramidasının yaxınlığında toplanıb. Fransa paytaxtı demək olar ki, yekdilliklə üstünlüyü Emmanuel Makrona verib: o, burada seçicilərin 90 faizinin səsini qazanıb.TASS informasiya agentliyi xəbər verir ki, sabiq iqtisadiyyat naziri və investisiya bankiri Emmanuel Makron mayın 7-də Fransada keçirilən seçkilərdə inamlı qələbə qazanıb. Daxili İşlər Nazirliyinin yekun məlumatına əsasən, onu 20 milyon 753 min fransalı – seçicilərin 66,1 faizi dəstəkləyib.Emmanuel Makronun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen 10 milyon 643 seçici (33,9 faiz) səsini toplamağa müvəffəq olub. Ona verilən səslər Makronla müqayisədə iki dəfə az olsa da, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.Beləliklə, 39 yaşlı Emmanuel Makron ölkə tarixində ən gənc prezident olub. 1977-ci ildə həkim ailəsində anadan olan Makron əvvəldən seçkilərin nominal favoriti sayılırdı.O, siyasətdə demək olar, yeni fiqurdur. 2004-2008-ci illərdə İqtisadiyyat Nazirliyində müfəttiş vəzifəsində çalışan Makron, eyni zamanda, “Rothschild & Cie Banque” bankında investisiya bankiri işləyib. Siyasi arenaya təxminən beş il əvvəl, 2012-ci ildə Fransua Olland tərəfindən Yelisey sarayının baş katibinin köməkçisi vəzifəsinə təyin olunduqdan sonra çıxıb. İki ildən sonra hakim Sosialist Partiyasının daxilində növbəti böhran zamanı iqtisadiyyat nazirliyinə başçılıq edib. Onun hökumətdə əsas nailiyyəti 2015-ci il avqustun 6-da “Makron qanunu” adlandırılan “iqtisadi artım, aktivlik və şansların bərabərliyi üçün qanunun” qəbul edilməsi olub.2016-cı ildə proqressiv “İrəli” siyasi hərəkatını yaradıb. Özünü müstəqil siyasətçi adlandırmasına baxmayaraq, Yelisey sarayının dəstəyindən də imtina etmir. Makronun rəqibləri onu Ollandın “siyasi reinkarnasiyası” adlandırırlar.Emmanuel Makron Fransa siyasətinə yeni nəfəs gətirəcəyini vəd edir. Onun strategiyası fransız cəmiyyətindəki antaqonizmlərin inkarı üzərində qurulub. Şərhçilərdən biri Makronun proqramını belə ümumiləşdirir: “Nə sol, nə də sağ – hər ikisi eyni zamanda”.Seçkilərdə qələbəsindən sonra Makron bəyan edib ki, onun Fransa prezidenti seçilməsi ilə tarixdə yeni səhifə açılır. “Mən bütün Fransanın maraqlarını müdafiə edəcəyəm”, - deyə Makron vurğulayıb. O, həmçinin Avropa İttifaqını möhkəmləndirəcəyini və Fransanın Aİ ilə əlaqələrini gücləndirəcəyini vəd edib.xeber100.com

May 8, 2017 12:53

Fransada prezident seçkilərinin həlledici turu keçiriləcək

Sabah Fransada prezident seçkilərinin həlledici turu keçiriləcək. Son sosioloji sorğuların nəticələrinə əsasən, fransız seçicilərin hər beş nəfərindən biri ikinci turda kimə səs verəcəyini hələ də müəyyənləşdirməyib.Seçkilər ərəfəsində demək olar hər gün keçirilən rəy sorğularının nəticələri “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makronun qələbəsinə işarə edir. Son günlər onun reytinqi davamlı olaraq artaraq 63 faizə yüksəlib. Makronun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen ondan təxminən iki dəfə az - 37 faiz dəstəyə malik olsa da, analitiklər dəqiq proqnoz verməkdən çəkinirlər. Siyasi dairələrin fikrincə, seçkilərin nəticəsi son günədək tərəddüd keçirən 45 milyona nəfərə yaxın elektoratın səfərbər edilməsindən birbaşa asılı ola bilər.Fransada budəfəki prezident seçkilərinin digər özəlliyi ikinci tura ölkənin aparıcı partiyalarından heç birinin adlaya bilməməsidir. Həm hakim partiya olan sosialistlərin liderləri, həm də müxalifətçi “Respublikaçılar” partiyasının rəhbərləri baş verənləri tamaşa salonundan seyr etməklə kifayətlənirlər.Otuz doqquz yaşlı Makron “Fransa siyasətinə yenilənmə gətirəcəyini” vəd edir. Onun daxili məsələlərdə strategiyası əvvəlki antaqonizmlərin inkarı üzərində qurulub. Şərhçilərdən biri Makronun proqramını belə ümumiləşdirir: “Nə sol, nə də sağ – hər ikisi eyni zamanda”. Mərkəzci Makron prezident seçildiyi təqdirdə, Fransa Avropa İttifaqı ilə yola davam edəcək.Millətçi Le Penin proqramı isə Fransanın “suveren maraqlarına” yönəlir. O, ölkəyə miqrant axınını dayandırmaq, əmək bazarını qorumaq üçün Fransa sərhədlərini möhkəmlətmək niyyətindədir. “Milli cəbhə”nin namizədi cəmiyyətin səylərini terror təhlükəsinin qarşısının alınmasına cəmləşdirməyi planlaşdırır. O, terrorla mübarizədə Rusiya ilə fəal əməkdaşlıq təklif edir, Avropa İttifaqını antirusiya sanksiyalarının ləğvinə çağırır. Le Pen prezident seçilərsə, Fransanın Aİ-də üzvlüyü sual altına düşəcək.Emmanuel Makrona istər ölkə daxilində, istərsə də xaricdən böyük dəstək gəlir. Hazırkı prezident Fransua Ollandan tutmuş, əksər siyasi simalar və partiyalar onun tərəfindədir. Bu dairələr Le Penin şəxsində Fransa üçün milli təhlükə görürlər.Beləliklə, həm sosioloji sorğuların nəticələri, həm də Fransada formalaşmış siyasi-ictimai fikir seçkilərdə Makronun favorit olduğunu təsdiqləyir. Lakin bu o deməkdirmi ki, favorit uduza bilməz? Fransa siyasətçilərinin veteranı, “Respublikaçılar” partiyasının payız praymerizində uğursuzluğa düçar olmuş Bordo meri Alen Jüppe bütün sosioloyi xidmətlərin proqnozlarının əksinə olan nəticəni istisna etmir. “Dünən qeyri-adi görünəni, bu gün mümkünsüz saymaq olmaz”, - 73 yaşlı siyasətçi belə deyir. Bununla belə, o, səsini Makrona vermək niyyətindədir.Makron yoxsa Le Pen? Beşinci respublikanın səkkizinci prezidentinin kim olacağına seçkilərin sabah keçiriləcək ikinci turu aydınlıq gətirəcək.xeber100.com

May 6, 2017 10:56