“Sky News Arabia” telekanalının məlumatı…

Barak Obama Rakka əməliyyatı üçün 3 min xüsusi təyinatlının ayrılması barədə qərar verib. İŞİD terror təşkilatı ilə mübarizə üzrə ABŞ prezidentinin xüsusi nümayəndəsi Bret Makqurk Rusiyanın bu terror təşkilatı ilə mübarizə üçün yaradılmış beynəlxalq koalisiyaya daxil olmasını istisna edib. “Sky News Arabia” telekanalının verdiyi məlumata görə, Barak Obamanın təmsilçisi deyib ki, Vaşinqton Suriya hakimiyyətinə maddi və hərbi dəstək verən Moskvaya etibar etmir. B. Makqurk bildirib ki, ABŞ və Rusiya arasında “Əl-Nusra” terror təşkilatına qarşı zərbələrin endirilməsi sahəsində koordinasiya var: “Digər tərəfdən, Rusiya Suriyada atəşkəs üzrə razılaşmanın yerinə yetirilməsinə məsuliyyət daşıyır. Rusiya bu istiqamətdə atəşkəs rejimini daima pozan Suriya hökumətinə təzyiq göstərməlidir”. B. Makqurk ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-ə qarşı mübarizədə yerli sakinlərdən təşkil olunmuş hərbi bölüklərdən maksimum istifadə etmək niyyətində olduğunu bəyan edib. Koalisiyanın strategiyası İŞİD-in maliyyə mənbələrini aradan qaldırmaq, ideoloji təbliğat mərkəzlərini məhv etməkdir: “Hazırda əvvəllər İŞİD-in nəzarət etdiyi ərazilərin 60 faizi azad edilib. İŞİD-in nəqliyyat koridoru sayılan Munbic şəhəri azad edildikdən sonra terrorçuların qalası sayılan Rakka növbəti hədəf olacaq. ABŞ prezidenti Barak Obama Suriyanın Rakka şəhərində əməliyyat keçirilməsi üçün 3 min döyüşçünün olduğu xüsusi təyinatlı birləşmənin ayrılması barədə qərar verib". xeber100.com

İyul 24, 2016 4:53

“The Daily Caller” yazır…

ABŞ-ın “The Daily Caller” nəşrində Azərbaycanın ABŞ və NATO üçün strateji önəmindən bəhs edən məqalə dərc olunub. Məqalədə Azərbaycanın vacib beynəlxalq geosiyasi əhəmiyyətə malik ölkə olduğu vurğulanır. Azərtac xəbər verir ki, yazıda Prezident İlham Əliyevin NATO-nun Varşavada keçirilən Sammitində iştirakının Azərbaycanın önəmli ölkə olduğunu bir daha sübut etdiyi bildirilir. Azərbaycanın Əfqanıstanda aparılan əməliyyatlarda NATO-ya və ABŞ-a göstərdiyi kömək oxucuların diqqətinə çatdırılır. Rəsmi Bakının Əfqanıstandakı əməliyyatların ilk günündən Azərbaycan üzərindən daşımaların həyata keçirilməsinə icazə verdiyi vurğulanır. Qeyd edilir ki, NATO və Birləşmiş Ştatlar da Azərbaycanın strateji və olduqca əlverişli coğrafi mövqeyə malik olduğunu bilir. Varşava Sammitində Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin eksperti Naciyə Selin Senocak bildirib ki, Azərbaycan NATO üçün önəmini Əfqanıstanda və Kosovoda sübut edib.  Müəllif Azərbaycanın ərazisinin beşdəbir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırır. Qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu problem hələ də həll olunmayıb. Amerikalı oxuculara Xocalı soyqırımı barədə də məlumat verilir, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində 600-dən çox qadın, kişi və uşağın qətlə yetirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Ermənistanın işğalçılıq siyasətinin mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi durur. ABŞ bilir ki, 1994-cü ildə atəşkəs əldə olunana qədər 20 min azərbaycanlı Ermənistanla münaqişə nəticəsində qətlə yetirilib və bir milyon azərbaycanlı zorla öz evlərindən qovulub. Aprel ayındakı hərbi əməliyyatlar bütünlüklə Azərbaycan ərazisində baş verib. “Azadlıq” radiosunun müşahidəçiləri açıq şəkildə bildiriblər ki, aprel ayında baş vermiş hərbi əməliyyatları Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı əsgərlər təhrik ediblər. İşğala və Xocalıda etnik təmizləməyə məruz qaldıqlarına görə azərbaycanlıların münaqişənin həlli ilə bağlı danışıqlarda əsasları, mənəvi üstünlükləri var. Dağlıq Qarabağ separatçıları özlərini müstəqil elan etsələr də heç bir ölkə bunu qəbul etmir. Müəllif vurğulayır ki, ABŞ, NATO və bütün Avropa ölkələri Azərbaycanı bu münaqişənin həllində dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər.xeber100.com

İyul 21, 2016 4:00