“Türk axını” layihəsi üzrə dialoqa hazırlıq

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazırdır. Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Gazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib. O bildirib ki, “Gazprom” “Türk axını” layihəsi üzrə dialoqa hər zaman açıq olub. Qeyd edək ki, iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib. Məktubda Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin bərpa olunması, regiondakı böhranların həlli ilə bağlı əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılmasının vacibliyinə dair vacib məqamlar əks olunub.Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi ilə bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.xeber100.com

İyun 28, 2016 10:11