Əfqanıstanda 8400 nəfərlik əsgəri qüvvənin saxlanılması ilə bağlı plan açıqlanıb

ABŞ prezidenti Barak Obama gələn il Əfqanıstanda 8400 nəfərlik əsgəri qüvvənin saxlanılması ilə bağlı planı açıqlayıb. Obama administrasiyası 2016-cı ilin sonuna qədər ölkədə ABŞ əsgərlərinin sayının 9800-dən 5000-ə qədər azaldılmasını nəzərdə tuturdu. Lakin Obama deyib ki, Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət hələ də qeyri-sabit olaraq qalır və o, administrasiyasının hakimiyyətdə müddəti başa çatdığı dövrdə nəzərdə tutulduğundan daha çox sayda əsgəri qüvvənin saxlanması haqda qərar verib. “Taliban təhlükə olaraq qalır. Onlar bəzi hallarda üstünlük əldə edib, hücumlar və əsas etibarilə Kabildə intiharçı bomab hücumları keçirib. Taliban mülki vətəndaşları hədəf aldığı üçün daha çox əfqan kişi, qadın və uşaq həyatını itirir və onlar qlobal qaçqın böhranına onlar çox vaxt unudulur”-deyə prezident Obama bildirib. ABŞ-ın Əfqanıstanda hərbi missiyası iki istiqamətdə iş aparır. Buraya Talibana qarşı mübarizə aparan Əfqanıstan hərbi qüvvələrinə yardım göstərilməsi və təlim verilməsi, eləcə də Əl-Qaidə ilə əlaqəsi olan ekstremistlər və ölkədə kök salmağa cəhd edən İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsi daxildir. “Qabiliyyətinin yaxşılaşmasına baxmayaraq, Əfqanıstan hərbi qüvvələri hələ də lazım olduğu qədər güclü deyil”-deyə prezident Obama bildirib. Obama deyib ki, o, Əfqanıstanda daha çox əsgəri qüvvə saxlanılması haqda qərarı ABŞ hərbi qüvvələrinin Əfqanıstanda yeni komandiri, ordu generalı Con Nikolson, ABŞ Müdafiə naziri Eş Karter, eləcə də hərbi və kəşfiyyat orqanlarının rəsmiləri ilə məsləhətləşmələrdən sonra verib. Prezidentin bildirdiyinə görə, o gələn həftə Polşada NATO-nun Varşava sammitində koalisiya qüvvələrinin Əfqanıstana daha çox dəstəyinə nail olmağa çalışacaq. Obama bildirib ki, Əfqanıstanda daha çox əsgəri qüvvənin saxlanması o hakimiyyətdən getdikdən sonra ABŞ-ın növbəti prezidentinə uzun zamandır sürən münaqişənin həllinin ən yaxşı yollarını tapmaq imkanları verəcək. Obamanın sözlərinə görə, əsgəri qüvvənin sayı ilə bağlı qərarın verilməsi Talibana ABŞ-ın və beynəlxalq ictimaiyyətin Əfqanıstanla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığına dair mesaj göndərir.xeber100.com

İyul 7, 2016 2:02

NATO-nun sammitində 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək

NATO-nun iyulun 8-9 da Varşavada keçiriləcək sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə iştirak etmək üçün NATO-nun 28 üzv və 26 tərəfdaş ölkəsindən 2103 nəfər və 65 nümayəndə heyəti, həmçinin BMT, Avropa İttifaqı, Beynəlxalq Bank və NATO-nun mənzil qərargahının nümayəndələri qeydiyyatdan keçib. Onlar Varşavanın milli stadiondakı futbol meydanında quraşdırılan çadırda toplaşacaq. İyulun 7-də Polşa Prezidenti Anjey Duda Baş katib Yens Stoltenberqin başçılıq etdiyi NATO nümayəndələri ilə görüşəcək. Növbəti gün onlar “NATO sülhün müdafiəsində: 2016-cı il və sonra” beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Elə həmin gün keçiriləcək dövlət və hökumət başçılarının ilk görüşündə NATO-nun şərq cinahının möhkəmlənməsinə dair qərarların qəbul ediləcəyi gözlənilir. Sammitin ikinci günü Əfqanıstanla bağlı müzakirələr başlayacaq. Daha sonra Avropa İttifaqı ilə əməkdaşlığa həsr olunan sessiyada Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker iştirak edəcəklər. Həmin gün yerli vaxtla saat 15:00-da isə Ukraynaya dair iclas start götürəcək. Tədbiri 2 min jurnalist işıqlandıracaq, təhlükəsizliyin təmin olunmasına 6 min polis əməkdaşı cəlb ediləcək.xeber100.com

İyul 5, 2016 10:37

Türkiyə hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır

Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır.Apa-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına müsahibəsində deyib. M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün detallarından danışaraq ikitərəfli əlaqələr və regional problemlərin müzakirəsi baxımından görüşün çox faydalı olduğunu bildirib. İŞİD-lə mübarizə məsələsində Rusiya ilə əməkdaşlığa hazır olduqlarını nəzərə çatdıran nazir İncirlik hərbi hava bazasını Rusiyaya aça biləcəklərini vurğulayıb: “İŞİD terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edə bilərik. Bilirsiniz ki, İŞİD-ə qarşı aktiv mübarizəyə qatılmaq istəyənlərə İncirlik hava bazamızı açmışıq. Rusiya ilə də eyni şəkildə niyə əməkdaşlıq etməyək? Çünki bu terror təşkilatı hamımızın düşmənidir və ona qarşı mübarizə aparılmalıdır, bu məsələdə Sergey Lavrovun da dediyi kimi, razılığa gəlmişik”. M. Çavuşoğlu iyulun sonu, avqustun əvvəlində iki ölkə prezidentinin görüşəcəyini də söyləyib: “Digər nazirlərlə birlikdə bu görüşə hazırlıq görəcəyik. İqtisadiyyatla bağlı addımlar atılacaq və qərarlar qəbul olunacaq. Enerji sahəsində və digər sahələrlə əlaqədar müvafiq nazirlər bir araya gələcək”. M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlığın başladığını və həmkarı S. Lavrovu Antalyaya dəvət etdiyini də əlavə edib.  Qeyd edək ki, Türkiyənin İncirlik hərbi hava bazası eyni zamanda NATO-nun istifadəsində olan hərbi bazalardan biridir. Burada hazırda Türkiyə ilə yanaşı, ABŞ, Britaniya və Almaniyanın hərbi təyyarələri yerləşdirilib.xeber100.com

İyul 4, 2016 12:09