2014-cü ilin martında itmiş “Malayziya Hava Yolları”na məxsus “Boeing-777-200” sərnişin təyyarəsinin axtarışları çox güman ki, avqustda başa çatacaq. Bu barədə məlumat verən Avstraliya Nəqliyyatda Təhlükəsizlik Agentliyinin (ANTA) nümayəndəsi bildirib ki, axtarış zonasında qış qasırğalarının başlanması işə ciddi mənfi təsir göstərəcək. ANTA-nın nümayəndəsi deyib: “İndiyədək ümumi sahəsi 120 min kvadratkilometr olan axtarış zonasının 105 min kvadratkilometri artıq təhqiq olunub. Əvvəlcə işin ilin birinci yarısında başa çatdırılması planlaşdırılsa da, hava şəraitini nəzərə alaraq, axtarışları avqustadək uzatmağı nəzərdə tuturuq. Bununla yanaşı, havanın yaxın zamanlarda pisləşəcəyini də unutmaq olmaz. Avstraliya, Malayziya və Çinin əldə etdiyi razılığa əsasən, təyyarənin dəqiq yerinin müəyyən edilməsi barədə hər hansı informasiya olmayacağı təqdirdə, hazırkı axtarış zonası genişləndirilməyəcək”. Hava şəraiti nəzərə alınmaqla “Fugro Discovery” və “Dong Hai Jiu 101” gəmiləri axtarış zonasında dənizin dibini tədqiq etməkdə davam edəcək. “Fugro Equator” gəmisi isə iyunun 16-da Frimentl limanını tərk edərək, axtarış zonasına qayıdacaq. ANTA-nın əməkdaşı, həmçinin ötən həftə Madaqaskar və Avstraliyanın Kenquru adası sahillərində itmiş təyyarəyə məxsus olduğu güman edilən yeni parçalar barədə də məlumat verib. Həmin parçaların Kanberradakı laboratoriyada tədqiq olunması barədə razılıq əldə olunub.xeber100.com