“Asahi Şimbun” qəzeti yazır…

Yaponiya, Koreya Respublikası və ABŞ nüvə sınağı keçirəcəyi təqdirdə Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı BMT Təhlükəsizlik Şurasından bu ölkəyə neftin ixracını bütünlüklə dayandırmağı tələb edən yeni qətnamənin qəbulunu tələb edəcəklər. Bu barədə “Asahi Şimbun” qəzeti məlumat yayıb. Nəşrin etibarlı mənbələrə istinadla verdiyi məlumatda bildirilir ki, BMT tərəfindən qəbul ediləcək yeni qətnamədə neftin ixracının tam dayandırılması ilə yanaşı, KXDR-in yeganə “Air Koryo” aviaşirkətinin uçuşlarına da qadağa qoyulacaq. Qəzet, həmçinin qeyd edir ki, Pxenyana qarşı sanksiyaların kəskinləşməsi məsələsində bu üç ölkə Çin və Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir. Bu həftənin əvvəllərində Yaponiya xarici işlər nazirinin müavini Akitaka Sayki, ABŞ dövlət katibinin müavini Entoni Blinken və Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Lim Son Nam Seulda görüşüblər. Görüş zamanı Koreya Respublikası Milli Müdafiə Nazirliyinin KXDR tərəfindən ballistik raketlər üçün nüvə başlığının sınağının hazırlanması barədə məlumatı əsas götürən tərəflər bu ölkəyə təzyiqləri artırmaq barədə razılığa gəliblər. Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurası martın 2-də Pxenyanın keçirdiyi nüvə sınağına və süni peykli raketin orbitə buraxılmasına görə KXDR-ə qarşı sanksiyaların kəskinləşdirilməsi barədə qətnaməni yekdilliklə qəbul edib. Sənəd bu ölkədən kömürün, dəmir filizinin, titanın, vanadiumun və digər əlvan metalların ixracına, həmçinin KXDR-ə aviasiya və raket yanacağının idxalına qadağa qoyub. Bundan əlavə, qətnamə bank sektoruna qarşı sanksiyaları, yüklərin icbari yoxlanılmasını, nüvə və raket proqramı ilə əlaqədar təşkilatlara və şəxslərə qarşı ünvan qadağalarını da nəzərdə tutub.  

Aprel 25, 2016 12:21

Türkiyə prezidenti 1915-ci il olayları ilə bağlı ermənilərə müraciət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qumqapı Məryəm Kilsəsində təşkil edilən 1915-ci il olaylarının anılması ayini ilə bağlı Türkiyə Erməniləri Kilsəsinə müraciət ünvanlayıb. Türkiyə mətbuatının  verdiyi məlumata görə, R. T. Ərdoğanın müraciəti ayindən əvvəl oxunub. Türkiyə prezidenti müraciətində Birinci Dünya Müharibəsinin faciəli şərtlərində həyatını itirən Osmanlı ermənilərini anmaq üçün bu gün təşkil edilən mərasimə gələn ermənilərə hörmətlə yanaşdığını bildirib. Osmanlı ermənilərinin xatirələrinə sahib çıxmağa davam edəcəyik. Türklərlə ermənilərin tarixi 1000 ilə çatan ortaq yaşam mədəniyyətini yenidən xatırlamağı və xatırlatmağı davam etdirəcəyik. İki qonşu xalqı nifrət və düşmənçilik fikirləri ilə bir-birindən uzaqlaşdırmaq istəyənlərə və tarixi siyasiləşdirənlərə qarşı dostluq və barış hədəfi ilə çalışmaqdan vaz keçməyəcəyik. Bu düşüncələrlə əbədiyyətə qovuşmuş Osmanlı ermənilərini bir daha hörmətlə anır, həyatda olan yaxınlarına başsağlığımı çatdırıram. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq həmin dövrdə həyatını itirən bütün Osmanlı vətəndaşlarını da rəhmət və hörmətlə anıram. Bu ortaq acını paylaşdığımızı bir daha ifadə etmək istəyirəm.xeber100.com

Aprel 24, 2016 1:28