Beynəlxalq Abidələr Gününə həsr olunan “Mədəni irs nümunələri” adlı layihənin təqdimatı keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə yerli İcra Hakimiyyətinin və Mülki Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr Gününə həsr olunan “Mədəni irs nümunələri” adlı layihənin təqdimatı keçirilib. apa-nın Gürcüstan bürosunun məlumatına görə, layihənin təqdimatında Marneuli rayon icra hakimiyyətinin mədəniyyət şöbəsinin mütəxəssisi Elquca Kupatadze çıxış edərək son illər Marneulidə tarixi, dini və mədəni abidələrin qeydə alınması və pasportlaşdırılmasına başlanıldığını bildirib. O, rayonda fəaliyyət göstərən Qızılhacılı və Qırxılı kənd məscidlərinə status verildiyini vurğulayıb. Layihə rəhbəri rayon ərazisində mədəni irsin qorunması və  tarixi nümunələrə statusun verilməsi prosesi haqqında da məlumat verib. Tədbirdə Marneuli rayonunun ərazisində yerləşən və azərbaycanlıların yaşadığı Quşçu kənd yaxınlığındakı Ağca qala (Quşçu qalası) tarixi abidəsinin gürcü tarixçiləri tərəfindən “Qaqi qalası” adlandırılması müzakirəyə səbəb olub. Məsələ ilə bağlı tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlunun Azərbaycan tarixində qala ilə bağlı yazılan arqumentlər barədə məlumatını dinləyən layihə rəhbəri, həmçinin mədəni İrsin qorunması üzrə Dövlət Xidmətinin mütəxəssisi, rayon icra hakimiyyəti başçısının müavini Zaur Tabatadze və tarix fənni üzrə müəllimlər rayon ərazisində yerləşən tarixi abidənin kim tərəfindən inşa və bərpa olunduğu məsələsi barədə müxtəlif fikirlər səsləndiriblər. Sonda gürcü mütəxəssislər Ağca qalasının səlahiyyətli mütəxəssislər tərəfindən yenidən araşdırılmasının vacibliyini vurğulayıblar. “Mədəni irs nümunələri” layihəsinin təqdimatı mərasimində Marneulidə Xalça Muzeyinin açılması təklifi də irəli sürülüb. Tədbirdə Marneulidəki tarixi abidələrin foto sərgisi təşkil olunub.xeber100.com  

Aprel 19, 2016 11:32