ABŞ senatorları fəaliyyətlərini tam bərpa ediblər

Pandemiya səbəbindən iş yerlərini tərk etmiş ABŞ senatorları infeksiyanın yayılması ilə bağlı təhlükəyə baxmayaraq, beş həftəlik fasilədən sonra bazar ertəsi günü fəaliyyətlərini tam bərpa ediblər.Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, respublikaçıların nəzarətində olan Konqresin yuxarı palatasının müvəqqəti sədri Çak Qrassli iclasın başladığını elan edib.Senatorlar zalda tibbi maska və əlcəkdə, bir-birindən iki metr aralı əyləşməlidir. Onların üzərinə köməkçilərinin sayını müvəqqəti ixtisar etmək, həmçinin müntəzəm həkim müayinəsindən keçmək öhdəliyi qoyulub. Qanunvericilər çıxış etməzdən əvvəl maskalarını çıxarırlar. Ötən beş həftədə Senat təcili qaydada tam tərkibdə yalnız xəstəliyin yayılması ilə əlaqədar iqtisadi tədbirlər paketini təsdiqləmək üçün toplaşıb.Bununla yanaşı, demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatasının qanunvericiləri işə növbəti həftə qayıdacaqlar. Konqresin aşağı palatasının spikeri Nensi Pelosi bildirib ki, bu qərar baş müalicə həkimi ilə məsləhətləşmələrdən sonra qəbul olunub.Senatın işini bu məqamda bərpa etməsi birmənalı qarşılanmayıb. Ekspertlərin narahatlığı Amerika senatorlarının orta yaşının 60-dan yuxarı olması səbəbindən qanunvericilərdən bir çoxunun infeksiyaya həssaslığı ilə bağlıdır.Pandemiyanın statistikasını aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da indiyədək koronavirusa 1,17 milyon yoluxma və 68 mindən çox ölüm faktı qeydə alınıb.xeber100.com

May 5, 2020 9:33

İsveçrə Federal Şurası muzeylərin açılmasına icazə verib

İsveçrə Federal Şurası (hökumət) koronavirusla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsi üzrə ikinci mərhələnin başladığı gün - mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verib.Azərtac RTS telekanalına istinadla xəbər verir ki, bu barədə hökumətin Berndə dərc edilən qərarında deyilir.Məhdudiyyətlərin tədricən ləğv edilməsi planına uyğun olaraq mayın 11-dən orta məktəblərdə məşğələlərin bərpa olunacağı və mağazaların açılacağı nəzərdə tutulurdu. Lakin aprelin 29-da Federal Şura koronavirusdan müdafiə tədbirlərini əlavə olaraq yüngülləşdirmək qərarına gəlib.İsveçrədə pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsi aprelin 27-də başlayıb. Ölkədə stomatoloji, psixoterapevt və baytarlıq klinikaları, həmçinin gözəllik salonları, kənd təsərrüfatı və tikinti materialları mağazaları açılıb, xəstəxanalarda təxirə salınmış əməliyyatlar bərpa olunub. Mayın 11-də başlayacaq ikinci mərhələdə orta məktəblər və digər bütün mağazalar, iyunun 8-dən isə texniki peşə və ali məktəblər fəaliyyətlərini bərpa edəcək.Məhdudiyyətlərin yumşaldılması İsveçrədə virusa yoluxma hallarının kəskin azalması ilə əlaqədardır. Martın sonları – aprelin əvvəllərində hər gün mindən çox yoluxma halı qeydə alınırdısa, aprel ayının 29-da sutka ərzində yoluxanların sayı cəmi 143 nəfər təşkil edib. COVID-19 xəstəliyindən ölənlərin sayında da qeyri-bərabər və zəif azalma müşahidə olunur. Federal Səhiyyə İdarəsinin məlumatına əsasən, son sutka ərzində ölkədə 28 nəfər virus səbəbindən həyatını itirib.Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 18:30-a olan məlumatına əsasən, dünyada 3 milyon 163 mindən çox yoluxma və 219 min 332 ölüm faktı qeydə alınıb, 975 min 783 nəfər COVID-19 xəstəliyindən sağalıb.İsveçrədə koronavirusa yoluxanların sayı 29 min 400 nəfəri ötüb, 1699 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.xeber100.com  

Aprel 29, 2020 6:43

Avstriyada İkinci Respublikanın 75 illik yubileyi qeyd olunub

Aprelin 27-də Avstriyada İkinci Respublikanın 75 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar məhdud çərçivədə qeyd olunub.Azərtac xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen və Federal Kansler Sebastian Kurts bu münasibətlə bir saatlıq vaxt fərqi ilə Vyana şəhərinin mərkəzində yerləşən Heldenplats meydanındakı abidənin önünə əklil qoyublar. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə kütləvi tədbirlər qadağan olunduğuna görə mərasimdə Avstriya Silahlı Qüvvələrinin Fəxri Kampaniyasının cəmi altı əsgəri iştirak edib.Avstriya tarixində mühüm əhəmiyyət daşıyan hadisə ilə bağlı ölkə rəhbərliyi televiziya vasitəsilə əhaliyə müraciət edib. Federal Kansler S. Kurts müraciətində hazırkı dövrü 1945-ci illə müqayisə edib və bildirib ki, İkinci Dünya müharibəsindən sonra olduğu kimi, indi də koronavirus pandemiyasından sonra ölkədə iqtisadiyyatın inkişafı və quruculuq işləri aparılmalıdır.Qeyd edək ki, 1938-ci ildə nasist Almaniyasına ilhaq edilən Avstriyanın müstəqil dövlət kimi mövcudluğuna son qoyulmuş və ölkə Ostmark adı ilə “Üçüncü reyx”in bir əyalətinə çevrilmişdi. İkinci Dünya müharibəsinin son günlərində Avstriya azad edildikdən sonra aprelin 27-də Avstriyanın siyasi qüvvələri (sosial-demokratlar, mühafizəkarlar və kommunistlər) Müstəqillik Bəyannaməsi qəbul ediblər. Həmin gün ölkə tarixində İkinci Respublikanın doğuluş günü kimi qeyd olunur.xeber100.com

Aprel 28, 2020 1:07