“Swedavia” şirkəti elektrik aviasiyanın inkişafı strategiyasını qəbul edib

İsveç hava limanlarının operatoru olan dövlətə məxsus "Swedavia" şirkəti elektrik aviasiyanın inkişafı strategiyasını qəbul edib.Azərtac-ın xüsusi müxbirinin aldığı məlumata əsasən, “Swedavia” şirkətində bildiriblər ki, yeni strategiyanın məqsədi İsveçdə mövcud on hava limanını elektrikli təyyarələrin istismarı və təmiri üçün hazırlamaqdan və 2025-ci ilədək ilk kommersiya elektrik aviasiya şirkətini istifadəyə verməkdən ibarətdir.İlkin addım olaraq, artıq bu ilin payız aylarında Ore-Ostersund hava limanında elektrikli təyyarələr üçün sınaq meydançasının fəaliyyətə başlanılması nəzərdə tutulur. “Swedavia” şirkəti İsveçin mərkəzində, Norveç sərhədi yaxınlığında yerləşən Ore-Ostersund hava limanının elektrikləşdirmə strategiyası üçün ideal bir başlanğıc nöqtəsi olduğuna inanır. Bütün bunları nəzərə alaraq Ore-Ostersund hava limanında artıq prototiplər və pilotsuz uçuş aparatları üçün sınaq sahəsi yaradılıb. Yeni tip təyyarələrdə sınaq uçuşlarının həyata keçirilməsi üçün sınaq sahəsinin digər tərəfi isə Norveçin Roros hava limanıdır. İki şimal hava limanı arasındakı sınaq sahəsi 2019-cu ildə başlayan Avropa Birliyinin “Yaşıl Yol” layihəsi çərçivəsində yaradılıb. “Swedavia” şirkəti həmçinin İsveç və Finlandiya arasında elektriklə çalışan təyyarələrdə uçuşların potensialını öyrənməyi planlaşdırır.Gələcəkdə “Swedavia”da İsveçin bütün 10 hava limanında elektrik təyyarələrinə xidmət göstərmək üçün infrastrukturun yaradılması planlaşdırılır.xeber100.com

Fevral 21, 2020 4:05

İranda İslam Şurası Məclisinə seçkilər keçirilir

Bu gün İranda İslam Şurası Məclisinə (parlament) seçkilər keçirilir.Azərtac İranın Daxili İşlər Nazirliyinin Milli Seçki İdarəsinə istinadla xəbər verir ki, 290 yerlik parlamentə seçilmək üçün 7157 nəfər mübarizə aparır. Ölkə üzrə 54 mindən çox seçki dairəsi yaradılıb. Seçki İdarəsinin rəhbəri Camal Orf bildirib ki, İranda 54 milyon 918 nəfərin səsvermə hüququ var. İranda 18 yaşdan yuxarı vətəndaşlar parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək onların seçkidə iştirakına qərar verir. Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz. Səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə - islahatçılar və mühafizəkarlar arasında aparılır.Budəfəki parlament seçkiləri ABŞ ilə kəskin qarşıdurma şəraitində keçirilir. İqtisadi sanksiyalar ölkədəki sosial vəziyyəti ağırlaşdırıb ki, bu da hakimiyyətdə olan islahatçılar qanadının nüfuzuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, İranda seçicilər fəallıq nümayiş etdirirlər. Artıq İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi səsvermədə iştirak edib.xeber100.com

Fevral 21, 2020 4:01