Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 3:08

Azərbaycan Həndbol Federasiyası: Həndbol üzrə çempionata yekun vurulub

“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, XXVII turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən məsələyə aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər - 42:41. Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib. “Bakı” ilə “İdman Akademiyası”nın XXVIII turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36. “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib. Sonra ölkə çempionatının bağlanış mərasimi olub. 28 May - Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina budəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildirib, bu mövsüm komandaların sayının artırılmasını sevindirici hal kimi qiymətləndiriblər. Dövlət Himni səsləndirildikdən sonra komandalara diplom, medal və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən, kişi həndbolçular arasında “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub. Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (“Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16) və 5 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) kollektivi mübarizə aparıb.xeber100.com

May 30, 2023 2:25