“Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub. Festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb. Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb. “Baku Open-2023”ün baş hakimi Faiq Həsənov festivalda 32 qrosmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin idman mübarizəsinin şahidi olduqlarını söyləyib. C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib. B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. Səkkiz xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə qalib olub. A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Open turnirinin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca yeddi xalla yarışın qalibi adını qazanıb. Eyni xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.xeber100.com

May 13, 2023 2:31

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub. “AHF Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan “Azəryol” - “Qarabağ” görüşündə fasiləyə 7 xallıq üstünlüklə yollanan “Qarabağ” ikinci hissədə 30:25 hesabı ilə qalib gələrək turnirin əsas mükafatına layiq görülüb. Kişilərin həlledici oyununda isə “İdman Akademiyası” “Təhsil” ilə qarşılaşıb. Ölkə çempionatına inamla liderlik edən “İdman Akademiyası” komandası kubok yarışında da etimadı doğruldub. Rəqibi 34:22 hesabı ilə məğlub edən “İdman Akademiyası” Azərbaycan kubokuna sahib çıxıb. Final oyunlarından sonra mükafatlandırma mərasimi olub. Qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov XXIX Azərbaycan kuboku yarışlarının uğurla başa çatdığını vurğulayıb. İ.Əsgərov finalda uduzan komandaların üzvlərinə ruhdan düşməməyi tövsiyə edib. Olimpiya çempionu Lüdmila Şubinanın da qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, kubok və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “AHF Arena”da keçirilən yarışda 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda mübarizə aparıb.xeber100.com

May 12, 2023 3:50

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

Tbilisidə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Xarici İşlər, Mədəniyyət, İdman və Gənclər nazirliklərinin, Şahmat Federasiyasının və “SOCAR Energy Georgia” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan idmançılar iştirak ediblər. “Dairəvi sistem” üzrə keçirilən turnirdə 20 idmançı gücünü sınayıb. Turnirin açılışında çıxış edən Azərbaycan səfiri Faiq Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan səfirliyi də “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Plana əsasən Ulu Öndərin milli–mənəvi dəyərlərimizin qorunmasındakı roluna, idmana, gənclərə diqqət və qayğısına, enerji siyasətinə və neft strategiyasına həsr olunmuş tədbirlər keçirilib, kitablar nəşr olunub. Ümummilli Lider idmana da xüsusi qayğı göstərib. Diplomat vurğulayıb ki, Gürcüstan və gürcü xalqı da tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Bu turnir də Ulu Öndərimizin xatirəsinə həsr olunub. Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili turnirin keçirilməsi ilə bağlı təşəbbüsə və dəstəyə görə səfirliyə və digər təşkilatçılara minnətdarlıq edib. Onun sözlərinə görə, bu cür tədbirlər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, fenomen şəxsiyyət Heydər Əliyevə olan sevgini özündə əks etdirir. Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Ulu Öndərin idmana olan qayğısından danışıb, idmançılara uğurlar arzulayıb. Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türkiyənin Maarif Vəqfinin rəhbəri Birol Akgün də idmançıları salamlayıb və onlara uğurlar arzulayıblar. Sonda qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu turnir barədə Dünya Şahmat Nəticələri informasiya portalında da məlumat verilib.xeber100.com

May 10, 2023 2:18