8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar uşaqlar arasında 8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları keçiriləcək.Azərtac xəbər verir ki, dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların onlayn keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin qaydalarına uyğunlaşdırılaraq təşkil ediləcək.Uşaqlar arasında basketbol (səbətə top atma), futbol (məsafədən qapıya zərbə vurma), uşaq atletikası (uzununa tullanma, simvolik nizə atma və s.), kamandan oxatma (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) və atıcılıq (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) yarışları keçiriləcək. #evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, zəruri halda avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Bu imkan olmadığı halda idmançıların onlayn şəkildə qoşularaq canlı yayımda evlərindən bu hərəkətləri etməsi planlaşdırılır. Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qaliblərə hədiyyələr və mükafatlar karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonra yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcək. Yarışların təqvimi və vaxt cədvəli, həmçinin yarışların əsasnaməsi bütün təfərrüatlar nəzərə alınaraq yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.xeber100.com

Aprel 25, 2020 5:15

Şahmat üzrə superturnirin növbəti qarşılaşmaları keçiriləcək

Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirin bu gün üçüncü turunun növbəti qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.Qeyd edək ki, üçüncü turun ilk oyunlarında ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşan norveçli Maqnus Karlsen ilk iki partiyada qələbədən sonra bir heç-heçə də edərək görüşün taleyini son partiyaya saxlamayıb. Dördüncü partiyadakı heç-heçə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1. ABŞ-ın digər nümayəndəsi Hikaru Nakamura isə turnirdə hələ ki, özünü göstərə bilməyən FIDE təmsilçisi Əlirza Firuzcanı 3 partiyaya məğlub duruma salıb – 2,5:0,5. Burada da yalnız hesabı müəyyənləşdirən son partiyanı da qalib başa vuran H.Nakamuranın qələbə hesabı 3,5:0,5 olub. Hər iki cütlükdə qaliblər 3 xal alıblar, məğlublar əliboş qalıblar.Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xala malikdir. H.Nakamura 7 xalla ikinci pillədədir. F.Karuananın 5, M.Vaşe-Laqrav və L.Dinqin 4, Y.Nepomnyaşinin 2 xalı var. Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.Qarşılaşmalarda M.Karlsen ABŞ şahmatçısı Fabiano Karuana, Birləşmiş Ştatların digər şahmatçısı Hikaru Nakamura isə FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca ilə mübarizə aparacaqlar.xeber100.com

Aprel 23, 2020 6:20