Cüdo yarışlarının ikinci gününə start verilib

“Minsk 2019” II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb. 28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Onun növbəti rəqibi isə ermənistanlı Ferdinand Karapetyan olub. Bu dəfə Orucov Karapenyana vaza-ari xalı ilə qalib gələrək, yarımfinala adlayıb. Azərbaycan təmsilçisi yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn H.Heydərov 1/4 finala yüksəlib. 22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olub. Heydərov 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Heydərov da Orucov kimi Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə çıxıb.Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.xeber100.com

İyun 23, 2019 5:45

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

İyunun 30-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyunun 22-23-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. İyunun 26-27-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyunun 29-30-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.xeber100.com

İyun 22, 2019 1:58