Beynəlxalq “PACK LINE Israel Youth 2023” turnirində

Yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq "PACK LINE Israel Youth 2023" turnirində 4 qızıl və 1 gümüş medal qazanıblar. Azərbaycan Badminton Federasiyası  xəbər verir ki, turnirdə ən yaxşı nəticəni böyük perspektiv vəd edən yeniyetmə idmançımız Leyla Camalzadə göstərib. O, 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb. Badmintonçumuz daha əvvəl ötən il Serbiyada keçirilən beynəlxalq "Youth International" turnirində də fəxri kürsüdə yer almağı bacarmışdır. Şəxsi yarışda qrup mərhələsində keçirdiyi bütün görüşlərini qələbə ilə bitirən L.Camalzadə uğurlu çıxışın davamını pley-offda da gətirib. Badmintonçumuz yarımfinal və final qarşılaşmalarında qalib gələrək qızların şəxsi kateqoriyasında ən güclü olub. L.Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib kimi başa vurub. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüblər. On beş yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olub. Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb. Daha bir qızıl medalı komandamızın hesabına 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb. On üç yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Qeyd edək ki, İsrailə əvvəlcədən yollanan yeniyetmə badmintonçularımız məşqçi Yevgen Poçtaryovun rəhbəriyi altında Aşdod şəhərində təlim-məşq toplanışında olublar.

Aprel 3, 2023 2:21

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı

Dünyanın ən çox məvacib alan məşqçilərinin siyahısı açıqlanıb. Fransanın nüfuzlu “Ekip” nəşrinin tərtib etdiyi siyahıya “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone başçılıq edir. Argentinalı mütəxəssis Madrid klubunda ilə 34 milyon avro məvacib alır. Argentinalı mütəxəssis “böyük beşlik” ölkələrində həm də “Frayburq”a rəhbərlik edən Kristian Ştrayxla birgə bir klubda ən uzun müddət işləyən məşqçidir. Simeone 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır. Siyahıda ikinci pillədə “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola qərarlaşıb. İspaniyalı mütəxəssis “Mançester Siti”də ilə 22,4 milyon avro məvacib alır. Üçüncü yerdə isə illik qazancı 17,8 milyon avro olan “Liverpul”un baş məşqçisi Yürgen Kloppdur. Dördüncü pillədə də Premyer Liqada işləyən mütəxəssis qərarlaşıb. Söhbət ilə 13,5 milyon avro gəlir əldə edən “Çelsi”nin baş məşqçisi Qrem Potterdən gedir. Beşinci sırada qərarlaşan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin illik maaşı 12,8 milyon avrodur. Bir neçə gün əvvəl “Bavariya” ilə müqavilə imzalayan Tomas Tuxel isə 12 milyon avro ilə altıncı yeri tutur. “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin adı isə yeddinci sırada qeyd olunub. İtaliyalı mütəxəssis ilə 11 milyon avro məvacib alır.xeber100.com

Mart 31, 2023 2:01

Bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar. Artıq gimnastlarımız Bolqarıstana yollanıblar. Bolqarıstan yarışı cari il Z.Ağamirovanın ilk beynəlxalq turniri olacaq. Digər təmsilçimiz A.Gözəlova bir müddət əvvəl İspaniyada Qran-Pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci olub. Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23-də keçiriləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Mart 29, 2023 3:07